AnalitikaGündəmSiyasət

Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı regionun gələcəyi baxımından mühüm siyasi hadisə kimi yadda qaldı

Toplantının əsas diqqətçəkən məqamlarından biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirə videobağlantı formatında qatılması və etdiyi çıxış oldu. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər həm Azərbaycan-Ermənistan münasibətlərində yaranmış yeni reallıqları, həm də Avropa siyasi institutlarının regiona yanaşmasındakı ziddiyyətləri açıq şəkildə ortaya qoydu.
Dövlət başçısı çıxışına “Avropa Siyasi Birliyi”nin Zirvə görüşündə iştirak üçün edilən dəvətə görə Antonio Koştaya təşəkkür etməklə başladı. Prezident İlham Əliyev bir il əvvəl Tiranada keçirilən görüş zamanı Ermənistanın 2026-cı ildə Zirvə toplantısına ev sahibliyi etməsi təşəbbüsünü dəstəklədiyini xatırlatdı. Bununla yanaşı, gələcək toplantılardan birinin Azərbaycanda keçirilməsi təklifinin də qəbul olunduğunu bildirərək “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət etdi.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Ermənistanın da Azərbaycanın namizədliyini dəstəkləməsi barədə dediyi fikirlər oldu. Dövlət başçısı bunu Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisi kimi qiymətləndirdi. Onun sözlərinə görə, artıq doqquz aydır ki, region sülh şəraitində yaşayır və tərəflər sülh içində yaşamağı öyrənirlər.
Prezident İlham Əliyev ötən ilin avqustunda Vaşinqtonda Ağ Evdə Azərbaycan və Ermənistan liderləri tərəfindən Birgə Bəyannamənin imzalandığını xatırlatdı. O bildirdi ki, həmin sənədə ABŞ Prezidenti Donald Trump şahid kimi imza atıb, iki ölkənin xarici işlər nazirləri isə sülh sazişinin mətnini paraflayıblar. Prezident İlham Əliyevin sözlərinə görə, artıq həm Azərbaycan, həm də Ermənistan üçün sülh reallığa çevrilib.
Azərbaycanın sülh istiqamətində atdığı addımlar da çıxışda geniş yer aldı. Prezident bildirdi ki, Azərbaycan 1990-cı illərin əvvəllərindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Nəticədə, indiyədək Ermənistan istiqamətində Azərbaycan ərazisindən 28 min ton yük daşınıb. Bundan əlavə, Azərbaycan ilk dəfə olaraq Ermənistana benzin və dizel ixracına başlayıb və artıq 12 min ton neft məhsulu qonşu ölkəyə çatdırılıb. Bu addımlar regionda iqtisadi əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşdığını göstərən mühüm nümunələr kimi dəyərləndirilir.
Prezident İlham Əliyev çıxışında “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsinə də toxundu. Dövlət başçısı qeyd etdi ki, bu marşrut Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirəcək, eyni zamanda, Orta Dəhlizin mühüm hissəsinə çevriləcək. Bu layihə regionda kommunikasiya və nəqliyyat əlaqələrinin genişlənməsinə, iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edən strateji təşəbbüs kimi qiymətləndirilir.
Azərbaycan Prezidenti sülh prosesinə dəstəyə görə Avropa Komissiyasına təşəkkür etsə də, bəzi Avropa təsisatlarının qərəzli mövqeyini sərt şəkildə tənqid etdi. Dövlət başçısı xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı ikili standartlar nümayiş etdirdiyini vurğuladı. Prezident qeyd etdi ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu müddət ərzində nümayəndə heyətinə heç vaxt məhdudiyyət tətbiq olunmamışdı. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoyduqdan və BMT Təhlükəsizlik Şurasının illərlə icra edilməyən qətnamələrini yerinə yetirdikdən sonra AŞPA tərəfindən Azərbaycan nümayəndə heyətinə sanksiyalar tətbiq olundu.
Prezident İlham Əliyev Avropa Parlamentinin son beş il ərzində Azərbaycan əleyhinə 14 qətnamə qəbul etdiyini diqqətə çatdırdı. O bildirdi ki, bu qətnamələr böhtan və yalanlarla doludur və Avropa Parlamenti real problemlərin həlli ilə məşğul olmaq əvəzinə Azərbaycanı hədəfə alır. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bəzi dairələr tərəfindən qəbul edilmir. Buna cavab olaraq Azərbaycan parlamentinin mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığın dayandırılması barədə qərar qəbul etdiyini də diqqətə çatdırdı.
Prezident İlham Əliyev çıxışının sonunda Ermənistanın Baş naziri Nikol Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün Ermənistanda keçirilməsi münasibətilə təbrik etdi və Azərbaycanın sülh gündəliyinə sadiq qaldığını vurğuladı. Dövlət başçısı bildirdi ki, regionda sülhə mane olmaq istəyən qüvvələrin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan bu istiqamətdə ardıcıl siyasət yürütməkdə davam edir.
Tədbirdə çıxış edən Nikol Paşinyan da mühüm mesajlar verdi. O bildirdi ki, artıq iki ildir tərəflər arasında hərbi toqquşma və insan itkisi qeydə alınmayıb və bu dövr region üçün misilsiz bir mərhələdir.
İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısı bir daha göstərdi ki, Cənubi Qafqazda yeni siyasi reallıq formalaşıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra regionda sülh, əməkdaşlıq və iqtisadi inteqrasiya istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Ermənistanın da bu prosesə qoşulması, qarşılıqlı şəkildə beynəlxalq tədbirlərə dəstək verilməsi və nəqliyyat-kommunikasiya layihələrinin gündəmə gəlməsi regionda yeni mərhələnin başlandığını göstərir. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin və Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun mühüm nəticəsi kimi qiymətləndirilir.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədr

Oxşar Xəbərlər

Back to top button