GündəmSiyasət

Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub

Mayın 10-da Şəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki Rayon Təşkilatının rəhbərliyi, huquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri Ulu Öndərin mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra tədbir iştirakçıları mərkəzin foyesində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgi ilə tanış olublar.
Şəki Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov və Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycanın tanınmış ziyalılarının müraciəti əsasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis olunması ölkəmizin siyasi tarixində dönüş nöqtəsinə çevrilmiş, əsas məqsədi Azərbaycan dövlətçiliyini qorumaq, ölkədə sabitliyi təmin etmək, xalqı ümummilli ideyalar ətrafında birləşdirmək və xalqın rifahına xidmət etmək olan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin böyük dəstəyini qazanmış və ümumxalq etimadının daşıyıcısına çevrilmişdir. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası Azərbaycan məhv olmaq təhlükəsindən qurtarmış və gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Qalib və nüfuzlu dövlət kimi öz sözünü deyən Azərbaycan beynəlxalq arenada yeni zirvələrə doğru mətin addımlarla irəliləyir.
Vurğulanıb ki, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini və ərazi bütövlüyünü qorumağa qadir olduğunu 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.
Sonra tədbir Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam edib.

Oxşar Xəbərlər

Back to top button