AnalitikaGündəmSiyasətSosial
Trend

Ulu Öndərin bizə qoyduğu yol sadədir: əqidəli ol, Vətənə xidmət et, düz yol tut və xalqdan uzaq düşmə…

Bəzən gündəlik qayğıların, iş-gücün içində dayanıb bir anlıq geriyə baxmaq yaxşı olur. İnsan fikirləşir ki, biz bu günlərə necə gəlib çıxmışıq? Bu gün Ulu Öndər Heydər Əliyevin ildönümü ərəfəsində vaxtilə Yeni Azərbaycan Partiyasının qurultaylarında dediyi bəzi fikirləri yenidən oxudum. Açığı, adam oxuduqca görür ki, o sözlər bu gün də eyni dərəcədə yaşayır, öz aktuallığını itirməyib.

Hər dövrdə cəmiyyətdə müxtəlif insanlar olur. Elə adamlar var ki, harada bir imkan görürlər, ora yönəlirlər. Vaxtilə də partiyaya vəzifə, şəxsi maraq və ya “öz işini düzəltmək” üçün gələnlər olub. Amma zaman hamını yerinə qoyur. Ulu Öndərin də dediyi kimi, belə adamlar bir müddət sonra öz-özünə seçilib gedirlər. Çünki Yeni Azərbaycan Partiyası nə sadə bir qurumdur, nə də kiminsə şəxsi məqsəd yeri. Bu, əqidə yoludur. Bu yolda ancaq inanan, bu işi ürəkdən edən adam dayana bilir.

Əslində, partiyaya xidmət etmək deyəndə biz birbaşa dövlətə xidmət etməyi nəzərdə tuturuq. Yəni söhbət təkcə bir təşkilatdan yox, müstəqil Azərbaycanın özündən gedir. Bu gün qalib Azərbaycan var. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük uğurlar qazanıb, tarix yazıb. Belə bir dövrdə insanlar artıq nəyəsə görə yox, inandıqları üçün bu yolun bir parçası olmaq istəyirlər.

Ulu Öndər həmişə deyirdi ki, hər şeyə kor-koranə “əladır, hər şey yaxşıdır” demək düzgün deyil. O, bizi reallığı görməyə, səhvləri də deməyə çağırırdı. Bu gün də bu yanaşma çox vacibdir. Biz bilməliyik ki, kim həqiqətən işləyir, kim sadəcə kənardan baxır. Fəal olanla passiv olanı ayırd etməyi bacarmalıyıq. Yalnız onda iş irəli gedir…

Bu gün Azərbaycan çox şanlı bir dövrdədir. Belə bir zamanda Yeni Azərbaycan Partiyasının üzvü olmaq həm qürurdur, həm də böyük məsuliyyət. Ulu Öndərin bizə qoyduğu yol sadədir: əqidəli ol, Vətənə xidmət et, düz yol tut və xalqdan uzaq düşmə. Əsas olan da budur. Çünki biz hamımız bir məqsədə xidmət edirik. Müstəqil, güclü və bütöv Azərbaycana…

Rəşadət Xalıqov,
YAP Nizami rayon təşkilatının sədr müavini 

Oxşar Xəbərlər

Back to top button