
Azərbaycan Respublikasının xarici iqtisadi siyasətində Avropa ölkələri ilə əməkdaşlıq hər zaman prioritet təşkil etmişdir. Bu dövlətlər arasında İtaliya Respublikası həm siyasi, həm də iqtisadi münasibətlərin dərinliyinə görə müstəsna yer tutur. 2026-cı il mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən səsləndirilən rəqəmlər və faktlar iki ölkə arasındakı ticarət əlaqələrinin strateji xarakterini bir daha təsdiqlədi. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması artıq uzunillik bir ənənəyə çevrilmişdir və keçən il ticarət dövriyyəsinin təxminən 12 milyard dollar təşkil etməsi bu əlaqələrin yeni zirvəyə çatdığını göstərir.
12 milyard dollarlıq ticarət dövriyyəsinin mütləq əksəriyyəti Azərbaycanın İtaliya bazarına ixrac etdiyi enerji resursları hesabına formalaşır. İtaliya Azərbaycan üçün həm xam neft, həm də təbii qaz üzrə birinci dərəcəli əhəmiyyət kəsb edən bazardır. Hazırda Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdə qərarlaşaraq, bu ölkənin enerji təhlükəsizliyində həlledici rol oynayır. Keçən il Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetrinin məhz İtaliya bazarına yönəldilməsi bu strateji asılılığın müsbət dinamikasından xəbər verir.
Lakin iqtisadi əlaqələr yalnız neft və qazla məhdudlaşmır. İtaliyadan Azərbaycana idxal olunan məhsulların çeşidi kifayət qədər genişdir. Bura maşın və avadanlıqlar, nəqliyyat vasitələri, kimya sənayesi məhsulları, habelə məşhur italyan brendlərinin tekstil və qida məhsulları daxildir. İtaliyanın yüksək texnologiyalı avadanlıqları Azərbaycanın sənaye müəssisələrinin modernləşdirilməsində mühüm rol oynayır.
Tərəfdaşlıq təkcə mal mübadiləsi ilə deyil, həm də qarşılıqlı investisiyalarla xarakterizə olunur. Prezident İlham Əliyev bəyan etmişdir ki, Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar həcmində sərmayə qoyub. Bu, Azərbaycanın təkcə resurs ixracatçısı deyil, həm də tərəfdaş ölkələrin iqtisadiyyatına kapital yerləşdirən strateji investor olduğunu sübut edir. Bu investisiyaların yeni layihələrə cəlb edilməsi məsələləri yüksək səviyyəli danışıqların əsas mövzularından biri olmuşdur.
Hazırda Azərbaycanda İtaliyanın 130-a yaxın şirkəti müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Bu şirkətlər həm neft-qaz sektorunda, həm də kənd təsərrüfatı, dizayn, memarlıq və qida sənayesində öz sözlərini demişlər. İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətinin ən vacib istiqamətlərindən biri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Məlumata görə, italyan şirkətləri bu regionlarda artıq 23 mühüm layihə həyata keçirmiş və ya icra etməkdədir. Xarici ölkə şirkətlərinin iştirakı baxımından İtaliya bu sahədə qabaqcıl yerlərdədir ki, bu da iki ölkə arasındakı yüksək siyasi etimadın göstəricisidir.
Azərbaycan və İtaliya arasındakı 12 milyard dollarlıq ticarət dövriyyəsi sadəcə bir statistik göstərici deyil, hər iki ölkənin iqtisadi rifahına və enerji təhlükəsizliyinə verilən töhfədir. Strateji tərəfdaşlığa dair 2014-cü və 2020-ci illərdə imzalanmış bəyannamələr bu əlaqələrin möhkəm hüquqi təməlini qoymuşdur. İtaliya şirkətlərinin Qarabağdakı fəallığı, Azərbaycanın İtaliya iqtisadiyyatına qoyduğu milyardlarla dollarlıq sərmayə və təhsil sahəsindəki birgə layihələr göstərir ki, bu tərəfdaşlıq gələcəkdə daha çoxşaxəli və daha genişmiqyaslı olacaqdır. Bakı və Roma arasındakı bu model digər Avropa ölkələri üçün də nümunəvi strateji əməkdaşlıq nümunəsi hesab oluna bilər.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



