GündəmSosial

Zəfər ənənələrinin varisliyi: Azərbaycan güləşçilərinin Avropa zirvəsi və dövlət qayğısının təntənəsi

Prezident İlham Əliyevin Tiranada keçirilmiş Avropa çempionatında tarixi uğura imza atan milli güləş komandamızın üzvlərini qəbul etməsi Azərbaycan idmanının son illərdə qət etdiyi şərəfli yolun növbəti təzahürüdür. Dövlət başçısının qələbə qazanmış idmançılarla mütəmadi görüşləri artıq bir ənənə halını alsa da, hər bir görüş həm idman ictimaiyyəti, həm də bütövlükdə cəmiyyət üçün strateji mesajlarla zəngindir. Xüsusilə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandalarımızın qitə birinciliyində komanda hesabında liderliyə yüksəlməsi Azərbaycanın dünya idman xəritəsindəki mövqeyini bir daha möhkəmləndirdi. Prezidentin çıxışında vurğuladığı kimi, rəqabətin yüksək səviyyədə olduğu müasir güləş arenasında Avropanın ən güclüsü olmaq təsadüfi deyil, illərlə formalaşmış sistemli fəaliyyətin, düzgün seleksiya işinin və dövlət qayğısının məntiqi nəticəsidir.

Bu tarixi zəfərin ən mühüm tərəflərindən biri nəsillərarası varisliyin qorunub saxlanılmasıdır. Bu gün federasiya rəhbərliyində və məşqçilər korpusunda vaxtilə dövlət başçısının tribunalardan azarkeşlik etdiyi Olimpiya çempionlarının təmsil olunması idmanımızın dayanıqlı inkişaf modelini nümayiş etdirir. Keçmişin usta idmançılarının bu gün gənc nəslə yol göstərməsi, onların təcrübəsinin yeni qələbələrə çevrilməsi Azərbaycanda güləş məktəbinin möhkəm təməllər üzərində qurulduğunu təsdiqləyir. Prezidentin gənc idmançıların və xüsusilə qızların nəticələrinə diqqət yetirməsi, idmanın kütləviliyinə və bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman komplekslərinin səmərəli istifadəsinə verilən önəmi bir daha göstərir. Gənclərimizin beynəlxalq arenalarda üçrəngli bayrağımızı ucaltması təkcə statistik göstərici deyil, həm də vətənpərvərlik ruhunun bariz ifadəsidir.

Dövlət başçısının çıxışında toxunduğu mühüm məqamlardan biri də idmançıların mənəvi siması və ləyaqətli davranışıdır. Qeyd olundu ki, medal qazanmaq mühüm olsa da, idmançının cəmiyyətdəki nümunəvi davranışı, təvazökarlığı və yüksək əxlaqi keyfiyyətləri daha böyük dəyər daşıyır. Xüsusilə beynəlxalq yarışlarda bəzən rast gəlinən ədalətsizliklər və qərəzli yanaşmalar qarşısında təmkin nümayiş etdirmək Azərbaycanın milli kimliyini və ləyaqətini qorumaq baxımından mühüm əhəmiyyət kəsb edir. Prezidentin uzun illər ərzində Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi fonunda bu məsələlərə xüsusi həssaslıqla yanaşması Azərbaycan idmançısının həm yarış meydanında, həm də onun kənarında yüksək nümunə olmasının vacibliyini bir daha ön plana çıxarır.

Bu görüş bir daha təsdiq etdi ki, Azərbaycan idmanı yalnız medallarla deyil, həm də yetişdirdiyi şəxsiyyətlərlə dövlətin gücünü və xalqın mənəvi dəyərlərini dünyaya layiqincə təqdim edir və edəcəkdir.

Xəyalə Ayət qızı Sahilova
YAP Şirvan şəhər təşkilatının
İdeoloji məsələlər üzrə məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button