SosialMaraqlı

Zərifə Əliyeva – unudulmaz alim, mehriban ana, qayğıkeş insan!

15 aprel görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Ulu Öndər Heydər Əliyev: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhvalı-ruhiyyədədirlər. Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar.”

Azərbaycan Prezidenti İlham Əliyev: “• “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.

Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.

Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilmişdir. O, “Əməkdar elm xadimi” adına, “Qırmızı əmək bayrağı ordeni”nə, oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə isə 1981-ci ildə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik Averbax adına mükafatına layiq görülmüşdür. Zərifə xanım Əliyeva bu mükafata layiq görülmüş ilk qadındır.

Zərifə xanım Əliyeva böyük ictimai xadim, görkəmli alim, kamillik zirvəsi, sədaqətli həyat yoldaşı, qayğıkeş ana! Zərifə xanım atası, görkəmli dövlət xadimi Əziz Əliyevin ocağında qazandığı sədaqət andını Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olmaqla daim uca tutmuş, əsil Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilmişdir. Ən başlıcası isə Zərifə xanım Əliyeva xalqımıza Azərbaycanın Zəfər tarixinə adını qızıl hərflərlə yazdırmış qətiyyətli sərkərdə, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevi bəxş etmişdir.

Zərifə xanım Əliyevanın əziz xatirəsi qədirbilən xalqımızın qəlbində sonsuz sevgi və böyük ehtiramla əbədi yaşayacaqdır!

Heydər Rəhimov,
Nizami bələdiyyəsi sədrinin birinci müavini, Qarabağ veteranı

Oxşar Xəbərlər

Back to top button