
Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin taleyinə də təsir göstərir. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi məhz belə tarixi hadisələrdən biridir. Bu gün ölkəmizin siyasi həyatında mühüm yer tutan Yeni Azərbaycan Partiyasının yaranması xalqımızın çətin sınaqlarla üzləşdiyi, dövlətçiliyimizin təhlükə altında olduğu bir dövrün zərurətindən irəli gəlirdi.
1990-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən siyasi böhran, hakimiyyətsizlik, iqtisadi tənəzzül və ictimai-siyasi qeyri-sabitlik xalqı ciddi narahat edirdi. Belə bir şəraitdə ölkənin gələcəyini düşünən ziyalılar, tanınmış ictimai-siyasi xadimlər və vətənpərvər insanlar Azərbaycanın xilası və inkişafı naminə güclü siyasi qüvvənin yaradılmasını zəruri hesab edirdilər. Məhz bu məqsədlə 1992-ci il oktyabrın 16-da bir qrup ziyalı Ulu Öndər Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasına rəhbərlik etməsini xahiş etdi. Həmin müraciət cəmiyyətin böyük dəstəyini qazandı.
1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. Beləliklə, ölkənin siyasi həyatında yeni mərhələnin əsası qoyuldu. Partiyanın yaranması sadəcə yeni siyasi təşkilatın meydana gəlməsi deyil, həm də Azərbaycanın gələcəyinə inamın, milli həmrəyliyin və güclü dövlətçilik ideyasının təcəssümü idi.
Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi və xalq qarşısındakı böyük nüfuzu Yeni Azərbaycan Partiyasını qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevirdi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkədə sabitliyin təmin olunması baxımından həlledici rol oynadı.
Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının mahiyyətini ifadə edərək demişdir: “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.” Bu fikirlər partiyanın tarixi missiyasını, siyasi varisliyini və gələcəyə hesablanmış fəaliyyətini aydın şəkildə ifadə edir. Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən milli maraqların qorunmasını, müstəqil dövlətçiliyin möhkəmləndirilməsini və Azərbaycanın inkişafını əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirmişdir.
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Çünki onun gücü yalnız siyasi proqramında və təşkilati strukturunda deyil, xalqın etimadında, dəstəyində və ümumi məqsədlər naminə birləşən insanların fəaliyyətindədir. Partiyanın sıralarında müxtəlif peşə sahiblərinin, ziyalıların, gənclərin, qadınların və cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin təmsil olunması onun ictimai dayaqlarının genişliyini göstərir.
Bu gün Yeni Azərbaycan Partiyasının siyasi xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçmiş, beynəlxalq nüfuzunu artırmış, iqtisadi və siyasi mövqelərini möhkəmləndirmişdir. Prezident İlham Əliyev YAP-ın VIII qurultayındakı çıxışında qeyd etmişdir: “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır.” Bu fikir Heydər Əliyev ideyalarının müasir dövrdə də dövlət siyasətinin əsasını təşkil etdiyini təsdiqləyir.
Ölkəmizin son illərdə qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının üzvlərinin və fəallarının da mühüm rolu vardır. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiya fəallarının böyük payı və töhfəsi olmuşdur. Bu töhfə onların ictimai-siyasi fəallığında, dövlətçilik maraqlarına bağlılığında və ölkənin inkişafına xidmət edən təşəbbüslərində özünü göstərir.
Partiya üzvlərini səciyyələndirən əsas xüsusiyyətlər vətənə sadiqlik, milli maraqlara bağlılıq, dövlətçiliyə hörmət və məsuliyyətli vətəndaş mövqeyidir. Hər bir partiya üzvü öz fəaliyyəti ilə ölkənin inkişafına töhfə verməli, cəmiyyətin etimadını doğrultmalı və dövlət maraqlarını şəxsi maraqlardan üstün tutmalıdır. Bu baxımdan partiyadaxili münasibətlərdə peşəkarlıq, işgüzarlıq, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış, milli dəyərlərə hörmət, innovativ düşüncə, elmlilik və müasirlik mühüm əhəmiyyət daşıyır.
Müasir dövrdə siyasi təşkilatların qarşısında duran əsas vəzifələrdən biri dəyişən dünyanın çağırışlarına uyğunlaşmaq, yeniliklərə açıq olmaq və gənc nəslin potensialından səmərəli istifadə etməkdir. Yeni Azərbaycan Partiyası da bu istiqamətdə fəaliyyətini davam etdirir. Xüsusilə gənclərin partiyanın ictimai-siyasi həyatında fəal iştirak etməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi gələcək uğurların mühüm təminatıdır.
Yeni Azərbaycan Partiyasının tarixində ən mühüm mərhələlərdən biri də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonrakı dövrün başlanmasıdır. Prezident İlham Əliyev YAP-ın VIII qurultayında çıxış edərkən bildirmişdir: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.”
Bu tarixi reallıq Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və milli iradəmizin sarsılmazlığını nümayiş etdirir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə suverenliyimizin tam bərpası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının məntiqi nəticəsi oldu. Bu gün Azərbaycan qalib dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşıda duran əsas vəzifə əldə edilmiş nailiyyətləri qorumaq, ölkənin iqtisadi və siyasi qüdrətini daha da artırmaq, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərini davam etdirməkdir.
Yeni Azərbaycan Partiyasının yaranmasından ötən illər ərzində ölkəmiz böyük tarixi sınaqlardan keçmiş, mühüm uğurlara imza atmışdır. Bu gün partiyanın qarşısında dayanan əsas məqsədlərdən biri də Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və dövlətimizin davamlı inkişafına töhfə verməkdir.
Nəticə etibarilə, 21 noyabr 1992-ci il Azərbaycan siyasi tarixində yalnız bir partiyanın təsis olunduğu tarix deyil, həm də milli qurtuluş və güclü dövlətçilik ideyalarının ətrafında birləşmənin başlanğıcıdır. Yeni Azərbaycan Partiyası bu gün də Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi naminə fəaliyyətini davam etdirir. Partiyanın keçdiyi tarixi yol bir daha göstərir ki, güclü dövlətin təməlində xalqın birliyi, milli maraqlara sədaqət və uzaqgörən siyasi liderlik dayanır.
Hökmalı Mirzəyev ,
YAP Hacıqabul rayon təşkilatının sədr müavini



