
Dövlətlərarası əlaqələrin uzunömürlü və möhkəm olması üçün siyasi və iqtisadi razılaşmalarla yanaşı, xalqlar arasında humanitar, mədəni və təhsil bağlarının gücləndirilməsi vacibdir. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə humanitar əməkdaşlıq iki ölkə və xalq arasında möhkəm körpü kimi xarakterizə edilib. Bu sahədə həyata keçirilən layihələr rəsmi diplomatik münasibətlərə səmimi insani məzmun qazandırır. Mədəniyyət, təhsil və sosial sahələrdə təşəbbüslər qarşılıqlı anlaşmanı dərinləşdirir və gələcək nəsillər arasında dostluq ənənələrini möhkəmləndirir.
Müsahibədə Heydər Əliyev Fondunun Vyetnam ilə humanitar əlaqələrin möhkəmləndirilməsində oynadığı xüsusi rol ayrıca vurğulanıb. Dövlət başçısı bildirib: “Heydər Əliyev Fondu bu prosesdə xüsusilə mühüm rol oynayaraq Vyetnam ilə humanitar əlaqələrin möhkəmləndirilməsinə fəal töhfə verir.”
Prezident İlham Əliyev qeyd edib ki, Fondun fəaliyyəti Ha Giang əyalətində ibtidai məktəbin inşası kimi infrastruktur layihələrindən tutmuş müxtəlif təhsil proqramlarına dəstək göstərilməsinə qədər geniş sahələri əhatə edir. Təhsil infrastrukturunun yaradılması və tədris təşəbbüslərinin dəstəklənməsi gənclərin gələcəyinə qoyulan dəyərli sərmayədir. Bu layihələr Azərbaycanın humanitar siyasətinin sosial rifaha və bilik mübadiləsinə yönəlmiş praktik təzahürüdür.
Mədəni və ədəbi əlaqələrin inkişafı da iki xalqın bir-birini daha yaxından tanımasına xidmət edir. Müsahibədə qeyd olunan mühüm faktlardan biri də “Vyetnamda gördüklərim” kitabının Vyetnam dilinə tərcümə edilməsi və 2026-cı ildə Hanoyda təqdimatının keçirilməsidir. Ədəbi nəşrlərin tərcüməsi və təqdimatı mədəni dialoqu zənginləşdirir, tarixi və ictimai təəssüratların geniş oxucu auditoriyasına çatdırılmasına imkan yaradır. Bundan əlavə, dövlət başçısı vurğulayıb ki, möhkəm dostluq telləri təkcə birgə layihələrdə deyil, çətin günlərdə bir-birinə dəstək vermək istəyində də özünü göstərir. Azərbaycan 2024-cü ildə “Yagi” tayfununun vurduğu ziyanın aradan qaldırılması və 2025-ci ildə baş vermiş güclü daşqınların nəticələrinin nəticələrinin aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərib. Çətin anlarda göstərilən bu həmrəylik qarşılıqlı etimadın və səmimi dostluğun real göstəricisidir.
Humanitar sahədə atılan addımlar uzunmüddətli tərəfdaşlığın emosional və mənəvi dayaqlarını gücləndirir. Tələbə və mütəxəssis mübadiləsi, mədəni tədbirlər, sosial təşəbbüslər və fövqəladə hallarda göstərilən dəstək dövlətlər arasındakı münasibətləri daha dayanıqlı edir. Müsahibədə səslənən fikirlər humanitar əməkdaşlığın ikitərəfli münasibətlərin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirildiyini aydın göstərir. Qarşılıqlı hörmət və yardımlaşma ənənəsi xalqlar arasında məsafələri qısaldır və birgə gələcəyə inamı artırır.
Beləliklə, humanitar və mədəni əlaqələr Azərbaycan–Vyetnam dostluğunun gələcək nəsillərə ötürülən canlı və möhkəm sütununu təşkil edir.
Ülvi Hacızadə,
ADA-nın tələbəsi, Nizami rayon fəalı



