
Qadın dedikdə gözümüzün önündə müqəddəs bir varlıq canlanır. Qadın sirli bir dünyadır. Bu dünya, rəssamların əsərlərində, şairlərin şeirlərində, bəstəkarların musiqilərində vəsf olunur. Onların dünyasında hər şeyi tapa bilərik. Sevgini, xəyalları, qayğını, nəvazişi. Qadın xoşbəxtliyə gedən yolun yolçusudur. Qadın anadır. Kimliyindən asılı olmayaraq hər bir şəxs analar qarşısında baş əyir. Yer üzündə elə bir müqəddəs varlıq yoxdur ki, anadan əziz olsun. Ulu öndərimiz Heydər Əliyevin qadınlara arxalandığını, onları özünün dayağı hesab etdiyini bildirərək Azərbaycan qadını haqqında dediyi sözləri yada salaq: “Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır”.
8 Mart Beynəlxalq Qadınlar Bayramıdır. Bu günü bütün dünya təntənəli şəkildə qeyd edir. Qadın hər bir evin anası,bacısı, dostu və sirdaşıdır. Qadın adını daşıyan hər bir kəs qayğılar və problemlərlə üzləşsədə, hər bir qadın istər cəmiyyətdə və istərsədə ailədə öz yerini və dəyərini qoruyub saxlamağa qadirdir. Qadınlıq içində azadlıq alovu yanan lakin həyatını və azadlığını ailəsi və və övladlarına qurban etməyə üstünlük verən qadınlara məxsus ali dəyərdir. Hələ bu Azərbaycan qadınıdırsa daha böyük hörmətə və sevgiyə layiq munisdir, dostdur və yardır.
İkinci Vətən müharibəsində biz qadınlarımızın cəsarətinə bir daha şahid olduq. Hər bir qadınımız müasir qəhrəmanlıq tarixinə yeni nümunələr gətirdi, Azərbaycan qadının igidliyi, qorxmazlığı, mübarizliyi, vətənpərvərliyi dünyada yeni qadın obrazı yaratdı. Qadın həm də anadır, Vətəni müdafiə edən, onun inkişafına töhfə verən övlad yetişdirir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir.
Qadın eyni zamanda cəmiyyətin güclü sütunudur. O, müəllim kimi gələcək nəsli formalaşdırır, həkim kimi insanlara şəfa verir, alim kimi elmi inkişaf etdirir, sahibkar kimi iqtisadiyyata töhfə verir, dövlət və ictimai həyatın müxtəlif sahələrində fəal iştirak edir. Müasir dövrdə qadın həm ailəsini qoruyan, həm də karyerasında uğur qazanan güclü şəxsiyyətdir.
Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.”
Bu əlamətdar gün münasibətilə bütün qadınları səmimi qəlbdən təbrik edirəm. Qoy həyatınız sevgi ilə dolu olsun, arzularınız gerçəkləşsin, sağlamlığınız möhkəm, qəlbiniz daim ümidli olsun. Qoy hər gününüz dəyərli, hər anınız xoşbəxt və işıqlı keçsin.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi



