MaraqlıSosial

2 Fevral– Azərbaycan Gəncləri Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının üzvü olan fəal gənclərlə görüş keçirilmişdir

Görüş zamanı çıxış edən YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov qeyd etmişdir ki, Azərbaycan Respublikasında gənclərin hərtərəfli inkişafı, onların ictimai-siyasi proseslərdə fəal iştirakı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti bu gün öz real nəticələrini verməkdədir. Gənclər ölkənin sosial-iqtisadi, mədəni və ictimai-siyasi həyatında mühüm rol oynayır, Azərbaycanın gələcək inkişafında aparıcı qüvvə kimi çıxış edirlər.

Aktualinfo.az xəbər verir ki, tədbir çərçivəsində partiyanın ictimai fəaliyyətində fərqlənən, rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir neçə gənc YAP Şəki rayon təşkilatının Fəxri fərmanı ilə təltif edilmişdir. Bu təltiflər gənclərin əməyinə verilən yüksək qiymətin, onların təşəbbüskarlığının və partiyaya sədaqətinin göstəricisi kimi dəyərləndirilir.

Eyni zamanda, partiyanın ideya və prinsiplərini qəbul edərək YAP sıralarına yeni qoşulan bir neçə gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunmuşdur. Qeyd edilmişdir ki, gənclərin partiya sıralarına qoşulması YAP-ın daim yenilənən, cəmiyyətin bütün təbəqələrini, xüsusilə gəncləri əhatə edən siyasi təşkilat olduğunu bir daha sübut edir.

Görüş zamanı gənclər adından çıxış edən Rəhman Əhmədov, Tofiq Məmmədkərimov, Camal Əzizov göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, o cümlədən, YAP Şəki rayon təşkilatına öz dərin minnətdarlıqlarını bildirmişlər. Onlar bundan sonra da partiyanın ideyalarına sadiq qalacaqlarını, ölkənin inkişafı və milli maraqların qorunması naminə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini vurğulamışlar.

Görüş səmimi şəraitdə, qarşılıqlı fikir mübadiləsi aparılmaqla davam etmişdir.
Keçirilən görüş bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası gənclərə güvənir, onların potensialına inanır və gələcəyin qurucuları kimi daim dəstəkləyir.

Oxşar Xəbərlər

Back to top button