
17 yanvar 2026-cı il tarixindən başlanmış və Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı, Siyəzən Gənclər evi , Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Siyəzən rayon məktəbliləri arasında Gənclər gününə və Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının yaradılmasının 31-ci ildönümünə həsr olunmuş intellektual çoxnövçülük yarışının final mərhələsi 30 yanvar 2026-cı il tarixində təşkil olundu.
Aktualinfo.az xəbər verir ki, Siyəzən Gənclər evində təşkil olunan və üç mərhələdən ibarət olan yarışın yekunlarına əsasən Siyəzən şəhər 3 nömrəli tam ümumtəhsil məktəbin komandası birinci yerə layiq görüldü. Şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası 2-ci, şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası isə 3-cü yerə layiq görüldü. Sonda bütün qalib olmuş komandalar təşkilatçılar tərəfindən fəxri fərman və medallarla təltif olundu.
Mükafatlandırmada iştirak edən YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının təsis edilməsindən danışmış, əsası Ulu Öndər tərəfindən qoyulmuş və cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Gənclərlə bağlı siyasəti yüksək qiymətləndirmiş, Yeni Azərbaycan Partiyasının gənclərə qayğısını xüsusi vurğulamışdır.
Daha sonra çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil sektorunun müdiri Elşad Sultanov gəncləri qarşıdan gələn 2 fevral Gənclər Günü münasibəti ilə təbrik etmiş, onlara təhsil həyatlarında uğurlar arzulamışdır.
Gənclərin asüdə vaxtlarının səmərəli təşkil olunması və intellektual bacarıqlarınının inkişaf etdirilməsi məqsədi ilə keçirilmiş yarışın sonunda bütün yarış iştirakçıları və təşkilatçılar birgə xatirə şəkli çəkdirmişlər.










