
İki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis edilən Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.
Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunmuşdur. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə nazirlər səviyyəsində də bir sıra tədbirlər keçirilmişdir. Pandemiya şəraitindən irəli gələn məhdudiyyətlər səbəbindən həmin tədbirlər virtual formatda baş tutmuşdur. Belə ki, 20 may 2020-ci il və 24 may 2021-ci il tarixlərində Qoşulmama Hərəkatına üzv dövlətlərinin səhiyyə nazirlərinin görüşləri, 9 oktyabr 2020-ci il tarixində (BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində) Qoşulmama Hərəkatı dövlətlərinin xarici işlər nazirlərinin iclası və 4 iyun 2021-ci il tarixində Hərəkata üzv dövlətlərin əmək nazirlərinin görüşləri keçirilmişdir.
Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə gənclərlə iş sahəsinə də xüsusi diqqət ayrılmışdır. Belə ki, Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə 16-18 aprel 2020-ci il tarixlərində milli səviyyədə və 1-5 mart 2021-ci il tarixlərində beynəlxalq səviyyədə Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilmişdir. Beynəlxalq səviyyədə təşkil olunmuş Simulyasiya Məşğələsində 4 qitədən 39 Qoşulmama Hərəkatına üzv dövlətini təmsil edən 60 gənc iştirak etmişdir. Bu gün Azərbaycan iki əsas ticarət marşrutu – Şimal-Cənub, Şərq-Qərb üzərindəki əlverişli mövqeyindən istifadə etməklə mühüm regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməkdədir.
Açıq dənizlərə çıxışı olmayan bir ölkənin beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsi yalnız düşünülmüş siyasətin nəticəsidir. Son illərdə nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyan Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilir. Avropa və Asiya arasında yerləşməsi və inkişaf etmiş infrastruktura malik olması yeni iqtisadi imkanlar yaradır və ölkənin beynəlxalq yükdaşımalar üzrə potensialından daha səmərəli istifadə edilməsini təmin edir. Bu gün Çin-Qazaxıstan-Xəzər-Gürcüstan-Türkiyə dəhlizi ilə yanaşı, ölkəmiz Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətlərinin də mühüm həlqəsi kimi çıxış edir. Hazırda Rusiyadan Türkiyəyə daşınan yüklərin əsas tranzit ölkəsi də Azərbaycandır. Özbəkistan və Tacikistan da Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə etməyə maraq göstərir.
Əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə, bu sahədən əldə edilən gəlirlərin həcminin artmasına geniş imkan yaradır. Azərbaycanın nəqliyyat infrastrukturunda mühüm yer tutan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı tam istifadəyə veriləndən sonra bu logistik mərkəz regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Azərbaycan qapalı göl hövzəsi olan Xəzərin də nəqliyyat imkanlarından maksimum istifadədə maraqlıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı məhz bu yanaşmanın məhsuludur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Bu limanın inşası üçün ərazi təsadüfən seçilməyib. Belə ki, Ələt qəsəbəsi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir ki, buraya su yollarının da əlavə olunmasından sonra ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranıb. Ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də respublikamızı Avrasiyanın nəqliyyat qovşağına çevirir.
24 oktyabr 2024-cü il tarixində Rusiyanın Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclası keçirilirdi. Prezident İlham Əliyev tədbirdə iştirak etmək üçün “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gedib. 30-dan çox ölkə başçısının iştirak etdiyi sammitdəTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Ermənistanın baş naziri Nokol Paşinyan da iştirak etdi. Sammit əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Həmçinin, BRICS-də yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər də müzakirə olunub.
Son vaxtlar Brich platforması mediyada və dünya gündəmində tez-tez qarşımıza çıxır. Bəs nədir BRICS? 2006-cı ildən etibarən Rusiya, Hindistan, Braziliya və Çin qərara alırlar ki, beynəlxalq səviyyədə iqtisadi inkişafı artırmaq üçün bir platforma yaratsınlar və 2006-cı BRIC adında bir platforma yaranır. BRIC platformanı yaradan ölkələrin baş hərflərindən yaradılmış bir ad idi. 2010-cu ildə bu 4 ölkəyə 5-ci ölkə-Cənubi Afrika Respublikası qoşulmaqla BRICS platformasının son adı və əsası qoyulur. Hazırda BRICS-ə üzv olan ölkələrin əhali sayı dünya əhalisinin 40%-ni, iqtisadi keyfiyyəti isə dünyanın ümumdaxili məhsulunun 20%-ni təşkil edir. 2024-cü ilin yanvar ayından etibarən İran, Misir, Birləşmiş Ərəb Əmirlikləri, həmçinin Səudiyyə Ərəbistanı kimi iqtisadiyyatları sürətlə inkişaf edən ölkələr də bu platformaya üzv olublar.
Müstəqillik əldə etdiyi ilk gündən müxtəlif beynəlxalq və regional təşkilatlara üzvlük yolunu tutan Azərbaycan onların fəaliyyətinə öz sanballı töhfəsini verir. Ölkəmiz BRICS-ə qoşulmaq üçün də rəsmi müraciət etmişdir. BRICS-in sıralarına daxil olmaq hər şeydən əvvəl ölkənin geosiyasi iqtisadi mövqeyini daha da gücləndirəcək. Bu isə xüsusilə qeyri-neft məhsulları üçün yeni bazarların əldə edilməsi deməkdir. Əməkdaşlıq təkcə iqtisadi üstünlüklər gətirməklə kifayətlənməyəcək, həm də ölkənin qlobal siyasi arenada mövqeyini gücləndirəcək, regional sabitlik və təhlükəsizliyə töhfə verəcək.
Kübraxanım Muradova,
Xəzər rayonu, E. Şəmiyev adına 149 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi