Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir

Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında-Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib.Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib. Sonra rəsmi foto çəkdirilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib. Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyaraq. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edib.Xatirə şəkli çəkdirdikdən sonra Dövlətimizin başçısı “Xatirə kitabı”na ürək sözlərini yazıb. Daha sonra isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, ərazisi təxminən 10 min kvadratmetr olan Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri görülüb. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. Parkın girişində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr var. Bu istirahət məkanındakı şərait – mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin zövqlərinə uyğun istirahət etmələri üçün imkanlar yaradır. Heydər Əliyev Parkında 1200 nəfərlik amfiteatr fəaliyyət göstərir ki, burada müxtəlif bədii-kütləvi tədbirlər və konsertlər təşkil olunur. Parkın ərazisində tikilən “Buta” Azərbaycanı Təbliğ Evi milli mədəniyyətimizin qardaş ölkədə təbliğinə öz töhfəsini verir.
Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər. Məzh buna görə də 19 fevral tarixində Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə əlaqələrini daha yüksək səviyəyə çatdıracaq bir sıra mühüm sənədləri imzalanmışdır.
Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Buna görə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatında Azərbaycan ilə bağlı mühüm açıqlamalar öz əksini tapmışdır. Rəcəb Tayyib Ərdoğan öz çıxışında bildirmişdir ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik. Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik. Çünki biz Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük. Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı.
Daha sonra Prezidentimiz İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın fikirlərinə öz münasibətini bildirərək demişdir ki, cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcəkdir. Müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də sözügedən görüşdə iştirak edəcək və bu Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək. Belə ki, bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Ticarət dövriyyəmiz sürətlə artır və rekord həddə çatıb. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir.
Mühüm beynəlxalq layihə-Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir. Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq. Müdafiə sənayesi sahəsində də yeni imkanlar açılıb. Birgə istehsalla əlaqədar konkret planlar mövcuddur. Bu planlar gerçəkləşdikdə ictimaiyyət də bundan xəbərdar olacaqdır. Təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Güman edirəm ki, burada təhsil alacaq hər bir gənc Azərbaycan – Türkiyə qardaşlığının davamçısı olacaqdır.
İradə Abulova,
Xəzər rayonu, 322 nömrəli tam orta məktəbin müəllimi



