AnalitikaGündəmSiyasət

Yasamal rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

 

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Nüsrət Əliyev, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının “qızıl fondu”, məşhur “91-lər”dən biri Vüqar Rəhimzadə, “H.Cavid pr.33a” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini, 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası Rahilə Ramazanova, 44 günlük Vətən müharibəsi şəhidi, əsgər İsmayıl Kərimlinin anası Rəna Kərimova, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, “Mətbuat pr.40” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Qəzənfər Ağayev, YAP Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları, eləcə də Partiyanın üzvləri iştirak ediblər.

 

Tədbirin rəsmi hissəsindən əvvəl Yasamal Rayon Şəhidləri Xatirə Kompleksi ziyarət olunub.Kompleksin önünə gül dəstələri düzülüb, ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

 

Daha sonra “Neftqazelmitədqiqatlayihə” İnstitutunun inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri qoyulub. Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

 

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Daha sonra 27 Sentyabr – Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

“Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Nüsrət Əliyev tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, 27 Sentyabr – Anım Günü Azərbaycanın müasir tarixində xüsusi mənəvi əhəmiyyət daşıyan günlərdən biridir. O qeyd edib ki, bu tarix Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəmanların xatirəsinə ehtiramın ifadəsidir. Nüsrət Əliyev bildirib ki, 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan xalqının həmrəyliyini və milli iradəsini bütün dünyaya nümayiş etdirdi. Onun sözlərinə görə, Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi tarixi Zəfərin əldə olunmasını təmin edən əsas amillərdən oldu. Bu Qələbə Azərbaycan dövlətinin gücünü və xalqımızın Vətən sevgisini bir daha nümayiş etdirdi. O, Vətən müharibəsində iştirak edən hərbçilərin göstərdiyi igidliyin Azərbaycanın hərb tarixində xüsusi yer tutduğunu qeyd edib. Çıxışda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin Zəfərin əldə olunmasında mühüm rol oynadığı vurğulanıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. O bildirib ki, Böyük Qayıdış prosesi şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı ilə qazanılmış Zəfərin real nəticələrini nümayiş etdirir. Sonda şəhidlərin əziz xatirəsinin daim qəlblərdə yaşayacağı və onların qəhrəmanlığının heç vaxt unudulmayacağı bildirilib.

 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat, YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov çıxış edərək qeyd edib ki, 27 Sentyabr – Anım Günü xalqımızın qəhrəmanlıq tarixinin mühüm səhifələrindən birini təşkil edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının vahid amal ətrafında sıx birləşdiyini nümayiş etdirdi. Sadiq Qurbanov vurğulayıb ki, Azərbaycan Ordusunun hər bir əsgər və zabiti döyüş meydanında yüksək peşəkarlıq, cəsarət və fədakarlıq göstərib. Onun sözlərinə görə, əldə olunan Zəfər uzun illər ərzində formalaşdırılan güclü ordu və düşünülmüş dövlət siyasətinin nəticəsidir. Şəhidlərimizin qanı ilə yazılan qəhrəmanlıq salnaməsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Sadiq Qurbanov qazilərin Vətən müharibəsində göstərdikləri şücaətin də xüsusi ehtiramla xatırlanmalı olduğunu vurğulayıb. O qeyd edib ki, müharibə iştirakçıları Azərbaycanın Zəfər tarixinin canlı şahidləri və qəhrəmanlıq salnaməsinin əsas iştirakçılarıdır. Çıxışda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının davamlı xarakter daşıdığı bildirilib. Bu diqqət və qayğı şəhidlərin ailələrinin sosial müdafiəsinin gücləndirilməsini və qazilərin cəmiyyətə inteqrasiyasını əhatə edən mühüm tədbirlərlə müşayiət olunur. Sadiq Qurbanov çıxışının sonunda Azərbaycan xalqının şəhidlərinin əziz xatirəsini daim ehtiramla yad etdiyini və onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmağın vacib olduğunu bildirib.

 

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirib ki, 27 Sentyabr – Anım Günü xalqımızın Vətən sevgisini, milli birliyini və qəhrəmanlıq ruhunu özündə əks etdirən mühüm tarixdir. O qeyd edib ki, bu gün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini böyük ehtiram və minnətdarlıq hissi ilə yad edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və lokal xarakterli anti terror tədbirləri ilə ərazi bütövlüyünün tam təmin olunması xalqımızın milli iradəsinin və dövlətimizin gücünün təntənəsidir. YAP Yasamal rayon təşkilatının sədri vurğulayıb ki, şəhidlərimizin hər biri Azərbaycanın şərəf tarixinin əbədi qəhrəmanıdır. Onların həyat yolu və Vətən uğrunda göstərdikləri fədakarlıq gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyət daşıyır. Bəxtiyar Nəbiyev qeyd edib ki, şəhid ailələri, qazilər və müharibə iştirakçıları daim diqqət və qayğı ilə əhatə olunur. O vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevin rəhbərliyi ilə dövlətimizin bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.. Bəxtiyar Nəbiyev qeyd edib ki, YAP Yasamal rayon təşkilatı da şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə mütəmadi görüşlər keçirir, onların qayğı və problemlərinin diqqətdə saxlanılmasına xüsusi önəm verir. O bildirib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların keçdiyi şərəfli yolun təbliği və gənclərə çatdırılması istiqamətində fəaliyyət bundan sonra da davam etdiriləcək. Bəxtiyar Nəbiyev çıxışının sonunda Azərbaycan xalqının şəhidlərinin əziz xatirəsi qarşısında baş əydiyini, onların qəhrəmanlığının daim yaşayacağını bildirib.

 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış mühüm tarixi gündür. O qeyd edib ki, bu gün Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə ehtiramın ifadəsidir. Vüqar Rəhimzadə vurğulayıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Vətən müharibəsi zamanı nümayiş etdirdiyi birlik və həmrəyliklə tarix qarşısında öz sözünü deyib. O bildirib ki, Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Zəfərin əsas salnaməsini təşkil edir. Şəhidlərimizin fədakarlığı Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. Onun sözlərinə görə, qazilərimizin keçdiyi döyüş yolu da gənc nəslə Vətənə sədaqət nümunəsi kimi təqdim olunmalıdır. O qeyd edib ki, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı Azərbaycan dövlətinin sosial siyasətinin mühüm istiqamətlərindən biridir. Şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, qazilərin sağlamlığı, məşğulluğu və sosial təminatı ilə bağlı həyata keçirilən tədbirlər onların cəmiyyət həyatında fəal iştirakına geniş imkanlar yaradır. Anım Günü həm də Azərbaycanın keçdiyi Zəfər yolunun gənc nəslə daha dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətlidir. Sonda deputat şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onların qəhrəmanlığının daim ehtiramla yad ediləcəyini bildirib.

 

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova vurğulayıb ki, Anım Günü xalqımızın şəhidlərimizin qarşısında ehtiramını ifadə etdiyi mühüm gündür. Azərbaycan xalqı şəhidlərinin xatirəsini hər zaman uca tutur və onların ailələrinə xüsusi həssaslıqla yanaşır. Təravət Muradova qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərləri misilsiz qəhrəmanlıq və fədakarlıq nümayiş etdiriblər. Onun sözlərinə görə, şəhidlərimizin və qazilərimizin döyüş meydanında göstərdiyi şücaət Azərbaycanın tarixi Zəfərinin əsasını təşkil edir.Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının qayğıları daim diqqətdə saxlanılır. Təravət Muradova bildirib ki, Yasamal Rayon İcra Hakimiyyəti də bu istiqamətdə həyata keçirilən tədbirlərdə fəal iştirak edir. O qeyd edib ki, şəhid ailələri ilə görüşlərin keçirilməsi, onların müraciətlərinə həssas yanaşılması və sosial məsələlərinin diqqətdə saxlanılması mühüm istiqamətlərdəndir. Anım Günü həm də dövlətimizin və xalqımızın şəhidlərə olan sədaqətinin göstəricisidir. Şəhidlərimizin müqəddəs xatirəsi daim qorunacaq və onların ailələrinə göstərilən diqqət bundan sonra da davam etdiriləcək. Sonda Təravət Muradova bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onların ailələrinə səbir, qazilərimizə və müharibə iştirakçılarına cansağlığı arzulayıb.

 

 

“H.Cavid pr.33a” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini, Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası Rahilə Ramazanova çıxış edərək bildirib ki, 27 Sentyabr – Anım Günü şəhid ailələri üçün xüsusi mənəvi əhəmiyyət daşıyan bir gündür. O qeyd edib ki, Vətən uğrunda canından keçən oğulların xatirəsini yaşatmaq hər bir ailə üçün həm müqəddəs borc, həm də böyük məsuliyyətdir. Rahilə Ramazanova bildirib ki, şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Vətən müharibəsində Azərbaycan əsgərləri öz canları bahasına torpaqlarımızın azadlığı uğrunda mübarizə aparıblar. Şəhid anası qazilərimizin də döyüşlərdə göstərdiyi şücaətin xüsusi ehtiramla yad edilməli olduğunu qeyd edib. Müharibə iştirakçılarının hər birinin Vətən qarşısında böyük xidmətləri var. Rahilə RamazanovaPrezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının onlar üçün böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıb. Şəhid ailələrinə göstərilən diqqət şəhidlərimizin xatirəsinə olan ehtiramın mühüm göstəricisidir. O, bütün şəhidlərimizin ailələrinə səbir, qazilərimizə möhkəm cansağlığı arzulayıb.

 

Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, “Mətbuat pr.40” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Qəzənfər Ağayev bildirib ki, 27 Sentyabr – Anım Günü Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinə ehtiramın ifadəsidir. O qeyd edib ki, döyüş meydanında Azərbaycan əsgərləri qarşıya qoyulan vəzifələri böyük cəsarət və fədakarlıqla yerinə yetiriblər. Qəzənfər Ağayev bildirib ki, şəhidlərimizin qəhrəmanlığı hər bir hərbçi üçün müqəddəs nümunədir. 44 günlük Vətən müharibəsində iştirak edən hər bir əsgər və zabitin xidmətləri Azərbaycanın Zəfər tarixinin ayrılmaz hissəsidir. Vətən Müharibəsi Qəhrəmanı qeyd edib ki, qazilərimiz döyüşlərdə göstərdikləri igidliklə yanaşı, sonrakı dövrdə də cəmiyyətimiz üçün böyük nümunə göstərirlər. Müharibə iştirakçılarının keçdiyi şərəfli döyüş yolu gələcək nəsillər tərəfindən daim öyrənilməlidir. Qəzənfər Ağayev Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevin rəhbərliyi iləşəhid ailələrinə göstərilən diqqət və qayğının hər bir hərbçi üçün xüsusi mənəvi dəyər daşıdığını vurğulayıb. Şəhid ailələrinin yanında olmaq, qazilərə və müharibə iştirakçılarına dəstək göstərmək hər bir vətəndaşın mənəvi borcudur. Dövlətimizin şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi sosial siyasət onların xidmətlərinə verilən yüksək qiymətin göstəricisidir. Qəzənfər Ağayev çıxışının sonunda şəhidlərimizin qəhrəmanlığının Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib.

 

 

 

 

Sonda çıxış edən 44 günlük Vətən müharibəsi şəhidi, əsgər İsmayıl Kərimlinin anası Rəna Kərimova 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir qəhrəmanlıq səhifəsi açıb. Şəhid anaları üçün bu tarix həm böyük qürurun yaşandığı gündür. O vurğulayıb ki, övladını Vətən yolunda şəhid vermək ağır olsa da, onun müqəddəs amal uğrunda canından keçməsi ana üçün sonsuz qürur mənbəyidir. Şəhidlərimizin qəhrəmanlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib və xalqımız Zəfər sevincini yaşayıb. Bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevin rəhbərliyi ilə şəhidlərin xatirəsinin əziz tutulması, onların ailələrinə göstərilən diqqət və qayğı daim hiss olunur. Şəhid anası ailələrinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. O bildirib ki, şəhidlərin qanı ilə yazılan Zəfər tariximiz daim yaşayacaq və onların əziz xatirəsi heç vaxt unudulmayacaq. Sonda Rəna Kərimova Vətənimizin daim sülh, əmin-amanlıq və inkişaf içində yaşamasını arzulayıb.

 

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə fotosu çəkdirilib.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button