Qalib xalqın Əsas qanununun 28-ci ildönümü

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Ölkəmizdə həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.
Yeni Konstitusiyanın qəbulu Azərbaycan xalqının həyatında baş verən köklü dəyişikliklərlə bağlı idi. Bununla Ümummilli Lider elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl dövlətçilik konsepsiyası yaratdı, dövlətin idarə edilməsi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoydu. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Sözügedən referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək kimi nailiyyətlər təsbit olunmuşdu.
2016-cı ildə Prezident İlham Əliyevin təklifləri və təşəbbüsü ilə Əsas Qanununa edilən əlavə və dəyişikliklər nəticəsində müasir dövlət idarəçilik prinsiplərinə uyğun vitse-prezidentlik institutu yaradıldı, hakimiyyətin qolları arasında səlahiyyətlər tam dəqiqləşdirildi. Məhz bu Konstitusiya əsasında aparılan iqtisadi və siyasi islahatların müsbət nəticəsi son dəyişikliklərin nə qədər dəqiq və mükəmməl olduğunu bir daha təsdiqlədi. Bu il artıq üçüncü dəfədir ki, Konstitusiya Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. 23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib. Konstitusiyamız bizim üçün sıradan bir kitab, qanunlar toplusu deyil, eləcə də and yerimiz, müqəddəslik simvoludur. Bizə həm də vətəndaşlıq məsuliyyəti verən Konstitusiyamızı qorumaq, ona hörmətlə yanaşmaq, sevmək əbədi borcumuzdur!
Hacızadə Günay,
Xəzər rayonu, 183 №li məktəbin Azərbaycan dili və ədəbiyyat