AnalitikaGündəmSiyasət

Kəlbəcər – Tarixi Zəfərimizin və milli qürurumuzun təntənəsi

25 Noyabr Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş əlamətdar tarixlərdən biridir. Bu gün Kəlbəcər şəhərinin Ermənistanın işğalından azad edilməsinin ildönümü kimi böyük qürur və fəxarət hissi ilə qeyd olunur.

Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və füsunkar təbiətə malik bölgələrindən biridir. Kiçik Qafqazın qoynunda yerləşən bu diyar özünün əsrarəngiz dağları, sıx meşələri, mineral su bulaqları, tarixi abidələri və zəngin təbii sərvətləri ilə hər zaman seçilmişdir. Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində Kəlbəcər sakinləri doğma yurdlarından didərgin düşmüş, şəhər və kəndlərimiz dağıntılara məruz qalmışdır.

Uzun illər ərzində kəlbəcərlilərin ən böyük arzusu doğma torpaqlarına qayıtmaq, ata-baba yurdlarında yenidən yaşamaq idi. Azərbaycan xalqı heç vaxt torpaqlarımızın işğalı ilə barışmadı, öz tarixi torpaqlarına qayıdacağına inamını itirmədi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın taleyində yeni bir mərhələnin başlanğıcı oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Ermənistanın kapitulyasiyası ilə nəticələnən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarıldı.

Bu hadisə hər bir azərbaycanlının qəlbində böyük sevinc və qürur hissi yaratdı. Kəlbəcərin bir güllə atılmadan Azərbaycana təhvil verilməsi dövlətimizin siyasi iradəsinin, diplomatik məharətinin və Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin nəticəsi idi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi təsis edildi. Bu qərar tarixi Qələbəmizin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu gün Kəlbəcər azadlığın, milli birliyin və dövlətimizin gücünün rəmzlərindən biridir. Biz bu tarixi gün münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.

Kəlbəcər artıq yalnız keçmişin nisgili deyil, həm də qalib Azərbaycanın gələcəyə inamla addımlayan quruculuq ünvanıdır. Bu torpaqlarda həyat yenidən canlanır, doğma yurduna qayıdan insanların arzuları gerçəkləşir.

25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın iradəsinin, qəhrəmanlığının və yenilməz ruhunun təntənəsidir

Cavani Babayev,
YAP Şabran rayon təşkilatının sədr müavinu

Oxşar Xəbərlər

Back to top button