
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin iqtisadi potensialının, beynəlxalq əməkdaşlıq imkanlarının və xarici iqtisadi siyasətinin mühüm istiqamətlərinin diqqətə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Müasir dövrdə dövlətlərarası münasibətlərin möhkəmlənməsində iqtisadi əməkdaşlıq mühüm rol oynayır. Azərbaycan və Vyetnam arasında mövcud olan tarixi dostluq münasibətləri də bu gün konkret iqtisadi layihələr, investisiya imkanları və qarşılıqlı faydalı təşəbbüslərlə zənginləşir.
Prezident İlham Əliyev müsahibəsində iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafından bəhs edərək əməkdaşlığın mövcud potensialının daha geniş olduğunu vurğulamışdır. 2025-ci ilin yekunlarına əsasən, Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötüb keçməsi bu istiqamətdə əldə olunan müsbət nəticələrin göstəricisidir.
İqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri energetika sahəsidir. Azərbaycanın zəngin enerji resursları, bu sahədə formalaşmış təcrübəsi və müasir infrastrukturu Vyetnamla əməkdaşlıq üçün geniş imkanlar yaradır. SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əlaqələrin inkişafı, 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı, işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində birgə fəaliyyət üçün əlverişli zəmin formalaşdırır.
Bununla yanaşı, Azərbaycanın nəqliyyat və logistika imkanları da ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ölkəmizin Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşməsi Azərbaycanı mühüm tranzit mərkəzinə çevirir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması və qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar açır.
Müsahibədə investisiya əməkdaşlığı məsələsi də diqqət çəkən istiqamətlərdəndir. Vyetnam şirkətlərinin Azərbaycana marağının artması ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin və investisiya imkanlarının göstəricisidir. Xüsusilə tikinti, infrastruktur və bərpaolunan enerji sahələrində əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.
Azərbaycanın iqtisadi siyasətinin əsas məqsədlərindən biri qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsidir. Vyetnamla əməkdaşlığın dərinləşdirilməsi də bu hədəflərə uyğun olmaqla yeni bazarlara çıxış, texnologiya mübadiləsi və investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan yalnız mövcud iqtisadi əlaqələri qorumaqla kifayətlənmir, eyni zamanda yeni əməkdaşlıq istiqamətlərinin yaradılmasına və uzunmüddətli tərəfdaşlıqların qurulmasına xüsusi önəm verir.
Beləliklə, Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin gələcək inkişafı üçün möhkəm siyasi iradə, qarşılıqlı maraq və əlverişli iqtisadi imkanlar mövcuddur. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi gücünün artırılmasına və beynəlxalq bazarlarda mövqelərinin möhkəmlənməsinə töhfə verəcəkdir.
Elçin İbrahimov,
YAP Şabran rayon təşkilatının məsləhətçisi



