AnalitikaGündəmSiyasət

Avrasiyanın iki mühüm mərkəzi arasında körpü: Azərbaycan–Vyetnam tərəfdaşlığının yeni üfüqləri

Noyabrın 19-da Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi geniş müsahibə və ardınca Hanoya həyata keçirilən rəsmi səfər Azərbaycan diplomatiyasının Uzaq Şərq və Cənub-Şərqi Asiya istiqamətində əldə etdiyi mühüm siyasi uğurların məntiqi davamı kimi diqqət çəkir. İki ölkə arasındakı münasibətləri səciyyələndirən əsas amil ondan ibarətdir ki, coğrafi uzaqlıq qarşılıqlı siyasi etimada və iqtisadi maraqların uzlaşmasına mane olmur, əksinə, yeni əməkdaşlıq modellərinin formalaşmasına şərait yaradır.

Bu tərəfdaşlığın arxasında təxminən yetmiş illik möhkəm tarixi yaddaş dayanır. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri ilə başlayan və 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin Vyetnama səkkizgünlük səfəri zamanı imzalanan mühüm razılaşmalarla daha da dərinləşən dostluq münasibətləri bu gün tamamilə yeni geosiyasi məzmun kəsb edir. 2014–2015-ci illərdə həyata keçirilən qarşılıqlı səfərlər, eləcə də ötən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib. Dövlətlərarası dialoqla yanaşı, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında qurulan sıx əlaqələr, eləcə də Heydər Əliyev Fondunun humanitar təşəbbüsləri xalqlarımız arasındakı mənəvi bağların qorunmasına mühüm töhfə verir.

Beynəlxalq münasibətlərdə həqiqi tərəfdaşlığın əsas göstəricilərindən biri də həlledici tarixi məqamlarda nümayiş etdirilən prinsipial mövqedir. Azərbaycan Vyetnamın BMT, Qoşulmama Hərəkatı və AQEM kimi nüfuzlu beynəlxalq platformalarda sərgilədiyi mövqeyi yüksək qiymətləndirir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Vyetnamın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşması qarşılıqlı siyasi etimadın mühüm nümunəsidir.

Siyasi etimadın yaratdığı əlverişli mühit bu gün iqtisadi əlaqələrdə də konkret göstəricilərlə ifadə olunur. Dövlət başçısının müsahibəsində qeyd etdiyi kimi, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi qarşılıqlı iqtisadi əlaqələrin inkişafından xəbər verir. Bununla belə, mövcud potensial daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə imkan yaradır. Ənənəvi neft-qaz sektorunda SOCAR ilə “PetroVietnam” arasında imzalanmış Anlaşma Memorandumu kəşfiyyatdan kadr hazırlığına qədər geniş əməkdaşlıq istiqamətlərini əhatə edir. “ROX Group”un İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində yaşıl enerji və infrastruktur layihələrinə maraq göstərməsi isə əməkdaşlığın müasir çağırışlara uyğun olaraq şaxələndiyini nümayiş etdirir.

İkitərəfli gündəliyin ən dinamik istiqamətlərindən biri də nəqliyyat-logistika sahəsində əməkdaşlıqdır. Cari ilin ilk doqquz ayında ölkələrimiz arasında tranzit daşımalarının təxminən altı dəfə artaraq 8 min tonu keçməsi bu sahədəki inkişafın mühüm göstəricisidir. Cənubi Qafqazın əsas energetika və logistika qovşaqlarından birinə çevrilmiş Azərbaycanın müasir liman və dəmir yolu infrastrukturu, o cümlədən Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutları dinamik inkişaf edən Vyetnam iqtisadiyyatının Avropa bazarlarına çıxışı üçün yeni imkanlar yaradır.

Prezident İlham Əliyevin noyabrın 19–21-də Vyetnama həyata keçirdiyi rəsmi səfər və səfər ərəfəsində səsləndirdiyi “Dost Vyetnama səfərim əminəm ki, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacaq” fikri Bakı ilə Hanoy arasındakı strateji tərəfdaşlığın gələcək perspektivlərini aydın şəkildə ifadə edir.

Beləliklə, Azərbaycan və Vyetnam arasında formalaşan münasibətlər yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də Avrasiya məkanında regional bağlantıların gücləndirilməsi, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və xalqlarımızın rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tarixi dostluq və qarşılıqlı etimad üzərində qurulan bu tərəfdaşlıq gələcək illərdə daha geniş miqyaslı əməkdaşlıq layihələri üçün möhkəm zəmin yaradır.

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button