
Prezident İlham Əliyevin 19–21 noyabr 2026-cı il tarixlərində Vyetnama rəsmi səfəri əlaqələrin inkişafında mühüm mərhələdir. Səfər strateji tərəfdaşlıq çərçivəsində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılması, siyasi dialoqun dərinləşdirilməsi və iqtisadi əməkdaşlığın konkret layihələrlə zənginləşdirilməsi baxımından yeni imkanlar yaradır. Azərbaycanın Cənubi Qafqazdakı nəqliyyat, logistika və enerji potensialı ilə Vyetnamın Cənub-Şərqi Asiyadakı iqtisadi mövqeyinin uzlaşdırılması yeni bazarlara çıxışa, investisiyaların artmasına və regional əməkdaşlığın genişlənməsinə xidmət edə bilər.
Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluq, qarşılıqlı etimad və ortaq maraqlar əsasında yeni məzmun qazanır. Qarşıda duran əsas vəzifə mövcud siyasi iradəni iqtisadi nəticələrə, birgə investisiya layihələrinə və xalqlar arasında daha sıx əlaqələrə çevirməkdir. Bu tərəfdaşlığın dərinləşməsi Azərbaycanın Asiya istiqamətində xarici siyasətinin güclənməsinə, Vyetnamla əməkdaşlığın isə daha geniş regional və beynəlxalq miqyasda inkişafına zəmin yaradır.
Azərbaycan–Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixi hər iki xalqın siyasi iradəsi və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq ənənələri ilə səciyyələnir. Prezident İlham Əliyevin müsahibədə xüsusi vurğuladığı kimi, bu dostluğun başlanğıcı 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfərinə gedib çıxır.
Həmin səfər iki xalq arasında münasibətlərin inkişafında mühüm mərhələ olmaqla yanaşı, sonrakı onilliklərdə siyasi, iqtisadi və humanitar əlaqələrin genişlənməsi üçün möhkəm zəmin yaradıb. Bu tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri xüsusi əhəmiyyət daşıyır. Səfərin müddətinin uzadılması və Vyetnamın müxtəlif regionlarını əhatə etməsi əməkdaşlığın daha dərindən öyrənilməsinə və konkret iqtisadi razılaşmaların əldə olunmasına imkan verib.
Azərbaycan və Vyetnam dövlətləri arasındakı münasibətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, onların təməlində yalnız cari siyasi və iqtisadi maraqlar deyil, həm də tarixi yaddaş, qarşılıqlı hörmət və xalqlar arasında formalaşmış səmimi dostluq dayanır. Məhz bu amillər Azərbaycan və Vyetnam arasında əməkdaşlığın davamlılığını təmin edən başlıca siyasi və mənəvi dayaqlardır.
Dövlət başçımız İlham Əliyevin cari ilin 19 noyabr tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə ölkələrimiz arasındakı münasibətlərinin keçdiyi tarixi yolu, mövcud əməkdaşlığın əsas istiqamətlərini və gələcək inkişaf perspektivlərini əhatə etdi. Cənab Prezidentin səsləndirdiyi fikirlərdən aydın olur ki, Bakı ilə Hanoy arasındakı münasibətlər artıq ənənəvi dostluq və diplomatik təmaslar çərçivəsini aşaraq, qarşılıqlı maraqlara əsaslanan çoxşaxəli strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur.
Prezident İlham Əliyevin müsahibədə ifadə etdiyi yanaşma bir daha təsdiqləyir ki, Azərbaycan xarici siyasətində ənənəvi dostluq münasibətlərinin qorunması ilə yanaşı, yeni geoiqtisadi reallıqlara uyğun tərəfdaşlıq əlaqələrinin qurulmasına da xüsusi önəm verir. Azərbaycan və Vyetnam arasında formalaşmış tarixi dostluğun strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi isə hər iki ölkənin siyasi, iqtisadi və humanitar maraqlarına xidmət edən perspektivli əməkdaşlıq modelidir.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



