
19 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə ölkəmizin xarici siyasət prioritetlərinin, beynəlxalq əməkdaşlıq istiqamətlərinin və Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivlərinin təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı müsahibəsində iki ölkə arasında mövcud olan tarixi dostluq münasibətlərinə toxunaraq, bu əlaqələrin qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyini diqqətə çatdırıb. Təxminən 70 illik tarixə malik Azərbaycan–Vyetnam münasibətlərinin əsası 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri ilə daha da möhkəmlənib. Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri isə bu əlaqələrin inkişafında mühüm mərhələ olub.
Prezident İlham Əliyev müsahibəsində siyasi dialoqun hazırkı vəziyyətini və iki ölkə arasında əldə olunmuş mühüm razılaşmaları ətraflı şərh edib. Xüsusilə 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və həmin səfər çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir, BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət göstərirlər. Bu əməkdaşlıq iki dövlətin beynəlxalq münasibətlər sistemində bir-birinin maraqlarına hörmətlə yanaşmasının göstəricisidir.
Müsahibənin əsas istiqamətlərindən biri iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi olub. Prezident İlham Əliyevin bildirdiyinə görə, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla yanaşı, mövcud göstəricilərin iki ölkənin iqtisadi potensialını tam əks etdirmədiyi və qarşılıqlı ticarətin artırılması üçün geniş imkanların olduğu vurğulanıb. Enerji sektoru, neft-qaz sahəsində əməkdaşlıq, sənaye, kənd təsərrüfatı, tikinti və bərpaolunan enerji istiqamətləri perspektivli sahələr kimi qeyd edilib. Vyetnamın ROX Group şirkətinin Azərbaycanda infrastruktur, tikinti, günəş və külək enerjisi layihələrinə maraq göstərməsi, 2026-cı ilin sentyabrında müvafiq razılaşmaların əldə olunması iqtisadi əlaqələrin praktik müstəvidə genişləndiyini göstərir.
Dövlət başçısı Azərbaycanın beynəlxalq nəqliyyat və logistika imkanlarının Vyetnamla əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıdığını da xüsusi qeyd edib. Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə Vyetnam məhsullarının Avropa bazarlarına, eləcə də digər istiqamətlərə daşınması üçün əlverişli imkanlar mövcuddur. Müsahibədə 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit yükdaşımalarının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötməsi diqqətə çatdırılıb. Bu göstəricilər Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmləndiyini və ölkəmizin beynəlxalq ticarət marşrutlarında artan rolunu nümayiş etdirir.
Müsahibədə humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa da geniş yer ayrılıb. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar təşəbbüslərin, təhsil və sosial layihələrin xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini bildirib. Vyetnam vətəndaşlarının Azərbaycanda təhsil alması, universitetlər arasında əməkdaşlıq, mədəniyyət günlərinin keçirilməsi və müxtəlif humanitar layihələr qarşılıqlı münasibətlərin mühüm tərkib hissəsidir. Sovet dövründə təxminən 5 min vyetnamlının Azərbaycanda təhsil alması da bu əlaqələrin dərin tarixi köklərə malik olduğunu göstərir. Bu gün həmin ənənələrin davam etdirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun inkişafına xidmət edir.
Prezident İlham Əliyev müsahibəsinin sonunda Vyetnama qarşıdan gələn rəsmi səfərindən gözləntilərini ifadə edərək, bu səfərin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. Ümumilikdə, Vyetnam Xəbər Agentliyinə verilən müsahibə Azərbaycanın çoxşaxəli xarici siyasətini, beynəlxalq əməkdaşlığa açıq mövqeyini və müxtəlif regionlarla iqtisadi-siyasi əlaqələrin inkişafına verdiyi əhəmiyyəti nümayiş etdirir. Azərbaycan və Vyetnam arasında mövcud tarixi dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı iqtisadi maraqlar gələcək illərdə yeni birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.
Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini



