AnalitikaGündəmSiyasət

Milli qürurumuzun təntənəsi

2020-ci il noyabrın 20-si Azərbaycanın müasir dövlətçilik tarixinə yazılmış ən şərəfli günlərdən biridir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı parlaq qələbə və 10 noyabr üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, Ağdam rayonu bir güllə belə atılmadan, hərbi itki verilmədən siyasi-diplomatik yolla işğaldan azad edildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr rəsmi olaraq Ağdam Şəhəri Günü elan edildi.

Ağdam yenidən qurulur. Azad edilmiş torpaqlarda birinci Baş plan Ağdam şəhəri üçün hazırlanaraq təqdim edildi. Dövlət başçısı İlham Əliyevin Ağdam şəhərinə 17 səfəri olub. Ölkə Prezidentinin hər səfər çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin sayına diqqət yetirmək kifayətdir. Diqqət çəkən məqamlardan biri budur ki, təməli qoyulan sosial obyektlərin açılışı çox böyük vaxtı əhatə etmir. Təbii ki, bu kimi mühüm məqamlar ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 964 nəfər daimi işlə təmin edilib.
İnftrastruktur layihələrinin icrasına xüsusi diqqət göstərilir. Ağdam dəmir yolu və avtovağzal kompleksi tikilib. Kompleks Bərdə-Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub və 2025-ci il mayın 10-da açılmışdır. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.
Görülən bərpa və yenidənqurma işləri çərçivəsində bu bölgədə turizm infrastrukturunun formalaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi həyata keçirilir, turizm potensialının reallaşdırılması üçün zəruri şərait yaradılır. Ötən müddət ərzində “Aghdam City Hotel”in və “Hilton Garden Inn Agdam” hotelin açılışı olmuşdur.
Ümumilikdə Ağdam şəhərinin müasir standartlara, tələblərə uyğun inkişaf planı var. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası olacaq. İşğaldan azad edilmiş bütün şəhər və kəndlər “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında qurulur. «Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq» söyləyən dövlət başçısı İlham Əliyev Ağdam ictimaiyyəti nümayəndələri ilə görüşündə bu fikri də böyük qürur hissi ilə qeyd etmişdir ki, sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik: «Mən bu 17 il ərzində – 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümidlər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq.»
Təbii ki, bu əminlik dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə, hər bir sahədə qazandığı uğurlara, ölkə Prezidentinin qətiyyətinə, Ordumuzun gücünə, xalqımızın birliyinə, həmçinin diplomatik mübarizədə qələbəyə əsaslanırdı. Bugünümüzün əsas çağırışı isə Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Qayıdış ünvanlarının sayı günbəgün artır.

Mehdi Balabəyov,
YAP Şabran rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button