AnalitikaGündəmSiyasət

Ağdam – Zəfərin qüdrəti ilə yenidən doğulan şəhər

Azərbaycan tarixində elə şəhərlər var ki, onların taleyi bütöv bir xalqın mübarizə salnaməsinə çevrilib. Ağdam da belə şəhərlərdəndir. Qarabağın vaxtilə ən böyük və inkişaf etmiş şəhərlərindən biri olan Ağdam işğal illərində erməni vandalizminin, dağıntı və talanların qurbanına çevrilsə də, xalqımızın yaddaşından silinmədi. Bu gün isə həmin şəhər Azərbaycanın tarixi Zəfərinin, dövlətçilik iradəsinin və quruculuq əzminin təcəssümü kimi yenidən dirçəlir.

2020-ci il noyabrın 20-də Ağdam rayonunun Azərbaycana qaytarılması Vətən müharibəsində qazandığımız tarixi Qələbənin mühüm nəticələrindən biri oldu. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi parlaq Zəfər, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və diplomatik məharəti tarixi ədalətin bərpasını təmin etdi. Bu əlamətdar tarixin əbədiləşdirilməsi məqsədilə dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə noyabrın 20-si Ağdam Şəhəri Günü elan edildi.

Prezident İlham Əliyevin Ağdamın gələcəyinə dair mövqeyi hələ işğal dövründə qəti və birmənalı idi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”. Bu gün həmin sözlər müasir şəhərsalma layihələri, yeni yaşayış məhəllələri, sosial obyektlər və doğma yurda qayıdan insanların sevinci ilə gerçəyə çevrilir.

“Ağdam” toponiminin mənşəyi ilə bağlı müxtəlif izahlar mövcuddur. Ən geniş yayılmış fikirlərdən birinə görə, ad qədim türk dilində “kiçik qala” mənasını ifadə edir. Digər yanaşmaya əsasən, “ağ” və “dam” sözlərinin birləşməsindən yaranaraq ağ daşdan tikilmiş, işıqlı tikili anlayışı ilə əlaqələndirilir.

Ağdam tarixən Qarabağın mühüm iqtisadi, mədəni və ictimai mərkəzlərindən biri olub. Şəhər özünün zəngin mədəni mühiti, sənətkarlıq ənənələri, tarixi abidələri və zəhmətkeş insanları ilə tanınıb. İşğal dövründə isə onun tarixi siması məqsədyönlü şəkildə dağıdılıb, yaşayış infrastrukturu və mədəni irsi məhv edilib. Ağdamın xarabalıqları Ermənistanın işğalçılıq siyasətinin və törətdiyi vandalizmin acı sübutu olaraq qalıb.

Lakin Ağdamın taleyi xarabalıqlarla bitmədi. Azərbaycan xalqının iradəsi və dövlətimizin qətiyyəti şəhərin tarixində yeni səhifə açdı.

Ağdamın azad edilməsi uğrunda göstərilən qəhrəmanlığın və fədakarlığın dövlət səviyyəsində qiymətləndirilməsi məqsədilə “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Bu təltif Vətən müharibəsində iştirak etmiş, hərbi xidmət vəzifələrini yerinə yetirərkən fərqlənmiş hərbi qulluqçuların xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.

Medalın təsis edilməsi Ağdamın azadlığı uğrunda mübarizənin və Azərbaycan əsgərinin qəhrəmanlığının əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Ağdamın hər bir uğurunda şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Azərbaycan Ordusunun şücaəti yaşayır.

İşğaldan azad edilmiş Ağdamın yenidən qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyasının əsas istiqamətlərindən birinə çevrilib. Şəhərin Baş planı əsasında müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış, nəqliyyat, sosial və iqtisadi infrastruktur yaradılır.

Dövlət başçısının Ağdama səfərləri bu prosesin ardıcıl mərhələlərini müəyyənləşdirən mühüm hadisələrlə yadda qalır.

4 oktyabr 2022-ci il tarixli səfər çərçivəsində Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanışlıq keçirildi. Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı və Kəngərli kəndlərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının təməli qoyuldu. Həmçinin Pənahəli xanın sarayı və İmarət Kompleksində aparılan işlərlə tanışlıq, Xurşidbanu Natəvanın abidəsinin açılışı, yeni yaşayış məhəlləsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, Sarıcalı kəndinin təməlqoyma mərasimləri keçirildi.

28 may 2024-cü il tarixində Prezident İlham Əliyevin Ağdama səfəri zamanı Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməli qoyuldu. Bununla rayonun kənd yaşayış məntəqələrinin bərpası istiqamətində işlər daha da genişləndirildi.

10 may 2025-ci il Ağdamın dirçəliş tarixində növbəti mühüm mərhələ oldu. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Kəngərli kəndinin birinci mərhələsi və Ağdam Muğam Mərkəzi istifadəyə verildi. Kəngərli kəndində məktəb, körpələr evi-uşaq bağçası, klub-icma mərkəzi və çoxfunksiyalı inzibati bina sakinlərin istifadəsinə təqdim edildi. Yeni evlərə köçən sakinlərlə görüşən Prezident İlham Əliyev onlara mənzillərin açarlarını təqdim etdi.

Bu hadisə Böyük Qayıdışın ən mühüm məqamlarından biri idi. Çünki quruculuğun əsl nəticəsi yalnız yeni binaların tikilməsi deyil, həmin evlərdə həyatın yenidən başlamasıdır.

14 iyul 2026-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrininin Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanışlığı Qarabağda aparılan bərpa prosesinin beynəlxalq müstəvidə təqdimatı baxımından əlamətdar oldu. Bu səfər Azərbaycanın azad edilmiş ərazilərdə müasir yaşayış məkanları yaratmaq istiqamətində həyata keçirdiyi işlərin miqyasını nümayiş etdirdi.

Beləliklə, Prezident İlham Əliyevin Ağdama səfərləri şəhərin və rayonun kəndlərinin bərpasının konkret nəticələrlə müşayiət olunan quruculuq salnaməsidir. Hər bir təməlqoyma və açılış mərasimi tarixi torpaqlarımızda həyatın bərpasına xidmət edir.

Ağdamın yenidən qurulmasının başlıca məqsədi keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və layiqli qayıdışını təmin etməkdir. Bu istiqamətdə yaşayış evləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, sosial xidmət müəssisələri, yollar və kommunal şəbəkələr yaradılır.

Kəngərli kəndində məskunlaşmanın başlanması, digər kəndlərdə aparılan quruculuq işləri Ağdamın mərhələli şəkildə əvvəlki həyatına qovuşduğunu göstərir. Burada əsas məsələ sakinlərin yalnız mənzillə təmin olunması deyil, onların məşğulluq, təhsil, səhiyyə və sosial xidmətlərə çıxışının da təmin edilməsidir.

İllərlə doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə qayıtması, ailələrin yenidən bir araya gəlməsi, uşaqların Ağdam küçələrində böyüməsi Böyük Qayıdışın ən böyük mənəvi nəticəsidir. Ağdamda həyatın bərpası Azərbaycanın qazandığı Zəfərin real və davamlı nəticəyə çevrilməsidir.

Ağdamın gələcək inkişafında turizm və mədəniyyət infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Şəhərin zəngin tarixi irsi, memarlıq abidələri və Qarabağın mədəni ənənələri onun turizm potensialının əsasını təşkil edir.

Pənahəli xanın sarayı və İmarət Kompleksinin bərpası Qarabağ xanlığının tarixinin və Azərbaycan dövlətçilik ənənələrinin yaşadılması baxımından mühüm addımdır. Xurşidbanu Natəvanın abidəsinin yenidən ucaldılması isə milli-mədəni irsimizə ehtiramın ifadəsidir.

Ağdam Muğam Mərkəzinin açılışı şəhərin mədəni həyatının dirçəldilməsinə, milli musiqi ənənələrinin yaşadılmasına xidmət edir. Mehmanxana infrastrukturunun yaradılması və nəqliyyat imkanlarının genişləndirilməsi isə turizmin, xidmət sektorunun və sahibkarlığın inkişafına yeni imkanlar açır.

Ağdamın gələcəkdə Qarabağın mühüm turizm, mədəniyyət və iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm təməl formalaşdırılır.

Ağdam – milli iradənin və Zəfərin təntənəsi

Bu gün Ağdamın timsalında Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və quruculuq əzmini aydın görürük. İşğalın dağıtdığı şəhər indi müasir infrastruktur, yeni yaşayış məkanları və iqtisadi inkişaf layihələri ilə yenidən qurulur. Bu, sadəcə bir şəhərin bərpası deyil, tarixi ədalətin tam bərqərar olması, milli yaddaşın və doğma torpağa bağlılığın təntənəsidir.

20 Noyabr – Ağdam Şəhəri Günü azadlığın, Zəfərin və qayıdışın rəmzidir. Bu tarix bizə bir daha xatırladır ki, Azərbaycan xalqı öz tarixi torpaqlarına sahib çıxmaq, onları qorumaq və inkişaf etdirmək əzmindədir.

Ağdamın bugünkü mənzərəsi Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın sarsılmaz iradəsinin nəticəsidir. Dünən dağıntıları ilə dünyanın diqqətini çəkən Ağdam bu gün quruculuğu, inkişafı və Böyük Qayıdışın uğurları ilə seçilir.

Ağdam yenidən doğulur. Bu doğuluş isə Azərbaycanın Zəfər tarixinin ən parlaq səhifələrindən biri kimi gələcək nəsillərin yaddaşında yaşayacaq.

 Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button