
Noyabrın 12-də Hacıqabul Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının birgə təşkilatçılığı ilə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, YAP fəalları, ziyalılar, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra müasir müstəqil Azərbaycan dövlətinin memarı, Konstitusiyamızın müəllifi Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov iştirakçıları əlamətdar bayram münasibətilə təbrik edərək, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin dövlətçilik tariximizdəki müstəsna əhəmiyyətindən danışıb. Qeyd olunub ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Əsas Qanun ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun möhkəm bünövrəsini qoyub, insan hüquq və azadlıqlarının təminatını dövlət siyasətinin başlıca prioritetinə çevirib.
Sonra YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov geniş məruzə ilə çıxış edib. O, 90-cı illərin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyətdən bəhs edərək, məhz Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası və gərgin zəhməti sayəsində müstəqil dövlətimizin ilk milli Konstitusiyasının ərsəyə gəldiyini vurğulayıb. Məruzədə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa edilməsi nəticəsində bu gün Konstitusiyamızın hüquqi qüvvəsi Qarabağda və Şərqi Zəngəzurda da tam bərqərar olub. Natiq rayon ictimaiyyətinin və partiya fəallarının bundan sonra da dövlətçilik prinsiplərinə sadiq qalaraq ölkəmizin tərəqqisinə töhfə verəcəklərini bildirib.
Daha sonra Hacıqabul şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini, YAP fəalı Xəyalə Əfəndiyeva, Dövlət İdarələri Həmkarlar İttifaqının Hacıqabul rayon Komitəsinin sədri, Şirvan 1 saylı Mediasiya təşkilatının rəhbəri Taryel İsgəndərov, Hacıqabul rayon Gənclər və İdman Sektorunun müdiri Xalid Rəcəbli, Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov çıxış edərək Əsas Qanunumuzun cəmiyyətimizin inkişafındakı rolundan, ölkəmizdə hökm sürən sabitlik və tərəqqidən bəhs edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik ediblər.




