Analitika

Zəruri əməkdaşlıq istiqaməti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər böyük əhəmiyyət daşıyır. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Cənab Prezident Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb.

Qeyd etmək lazımdır ki, Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən, 52 dövlət və hökumət başçısı iştirak etmişdir. Dövlətimizin başçısı 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur. Orta Dəhlizin üstünlüklərindən bəhs edərkən cənab Prezident qeyd etmişdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik Azərbaycan ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışdır.Qlobal miqyasda ən mehriban mühitlərdən biri kimi Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrin əhəmiyyəti qeyd olunmuşdur. Bildirilmişdir ki, üçtərəfli əməkdaşlığın bir neçə formatı var – xarici işlər nazirləri, müdafiə nazirləri və iqtisadiyyat nazirləri arasında. Dövlət başçılarının zirvə görüşləri baş tutub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunun getdikcə artdığını bildirən cənab Prezident qeyd etmişdir ki, bu istiqamətdə işlər daha sürətlə davam etdiriləcək. 2021-ci ildə Avropa bazarına təbii qaz ixracı təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda Azərbaycanın 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağı nəzərdə tutulur.

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə – modernləşmə mərhələsinə qədəm qoyub.Uğurla həyata keçirilən iqtisadi siyasət sayəsində ölkə modernləşdirmə xətti ilə yüksək templə inkişaf edir və hazırda formalaşmış iqtisadi baza, maliyyə resursları, insan kapitalı imkan verir ki, növbəti illərdə Azərbaycan dövləti qarşıda duran yeni, böyük məqsədlərə çatmaq üçün daha sürətlə addımlasın.

Gülarə Məmmədova,
Xəzər rayonu, Ziya Ağayev adına 241 saylı məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button