Zəfərdən Dirçəlişə: 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin yeni tarixi

Azərbaycanın yeni dövlətçilik və qürur salnaməsində 20 sentyabr müstəsna əhəmiyyətə malik tarixi bir gündür. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı müvafiq Sərəncamla hər il sentyabrın 20-si ölkəmizdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təntənəli şəkildə qeyd olunur. Bu tarix sadəcə təqvim bayramı deyil, otuz ilə yaxın davam edən işğala son qoyan ədalətin, suverenliyin və qətiyyətli iradənin təntənəsidir.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycanın bütün ərazisində konstitusiya quruluşu tam bərpa olundu. Məhz bu qələbə nəticəsində Azərbaycanın suverenliyi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə üzərində də tam təmin edildi. Dövlət başçısının təsis etdiyi bu əlamətdar gün həmin ərazilərin azad olunmasının milli yaddaşda əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımdır.
Bu gün həmin regionlarda aparılan bərpa və quruculuq işləri miqyasına və sürətinə görə dünyada analoqu olmayan prosesdir. Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayıb, gənclərin doğma torpaqlarda təhsil alması təmin edilib. Xocalıda isə soyqırımı yaralarının sarılması ilə yanaşı, müasir yaşayış kompleksləri salınır, keçmiş köçkünlər doğma yurdlarına qayıdırlar. Ağdərə və Xocavənddə də genişmiqyaslı infrastruktur layihələri icra olunur, yollar, xəstəxanalar, məktəblər tikilir.
20 Sentyabr – bu torpaqların əzəli sahiblərinə qovuşmasının, tarazlığın və ədalətin bərqərar olmasının simvoludur. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə işıqlı gələcəyə doğru inamla irəliləyir.
Azərbaycanın qədim və əzəmətli şəhərlərindən olan Xankəndi bu gün tamamilə yeni – intellektual, təhsil və müasir inkişaf mərhələsini yaşayır. Uzun illər işğal altında qalan, qapalı və xarabalığa çevrilən bu şəhər artıq ölkənin parlayan elm və gənclik mərkəzinə çevrilməkdədir. Xankəndinin dirçəliş prosesində ən mühüm hadisələrdən biri məhz burada Qarabağ Universitetinin yaradılması və tələbə qəbulunun həyata keçirilməsidir. Bu addım şəhərin yalnız fiziki deyil, həm də ruhən, intellektual olaraq dirçəldiyinin ən bariz sübutudur. Azərbaycanın müxtəlif bölgələrindən gələn gənclər artıq Xankəndidə ali təhsil alır, elmi-mədəni mühit canlanır. Prezident İlham Əliyevin birbaşa nəzarəti və tapşırıqları ilə Xankəndidə həyata keçirilən abadlıq işləri şəhərin tarixi simasını qorumaqla yanaşı, onu ən müasir tələblərə cavab verən yaşayış məntəqəsinə çevirir. Küçələr yenilənir, kommunal xətlər çəkilir, sosial obyektlər bərpa edilir. Xankəndi şəhəri günü ərəfəsində bu yerlərin hər bir daşı, hər bir küçəsi azadlıq və qürur abidəsi kimi diqqəti cəlb edir.
Xocalı- yaraların sarıldığı, ədalətin bərqərar Olduğu müqəddəs məkan-bəşəriyyət tarixində unudulmaz və qanlı faciələrdən biri olan Xocalı soyqırımının izlərini daşıyan bu torpaq artıq ədalətin təntənəsini yaşayır. 20 sentyabr tarixinin Xocalı Şəhəri Günü kimi qeyd olunması tarixi ədalətin bərpasının rəmzi olaraq hər bir azərbaycanlının qürur mənbəyidir. İşğaldan azad olunduqdan dərhal sonra Xocalıda genişmiqyaslı bərpa işlərinə start verildi. Xocalı faciəsi qurbanlarının xatirəsi əbədiləşdirilir, şəhərin infrastruktur yenidən qurulur. Xocalı sakinləri artıq doğma yurdlarına qayıdıb, orada yeni, firavan həyat qururlar. Dağıdılmış evlərin yerində müasir evlər, məktəblər və inzibati binalar inşa edilir. Xocalı şəhərinin dirçəlişi xalqımızın iradəsinin heç vaxt sınmadığını göstərir. Bu şəhər həm də qəhrəmanlığın və dözümün simvoludur. Xocalı Günü həm də anım, eyni zamanda qələbənin, quruculuğun və həyat eşqinin təntənəsidir.
Zəngin tarixi-mədəni abidələri, ecazkar təbiəti və strateji mövqeyi ilə seçilən Xocavənd rayonu da 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü çərçivəsində yeni inkişaf səhifəsini vərəqləyir. Rayonda həyata keçirilən yol-nəqliyyat layihələri, enerji təminatı və kənd təsərrüfatının dirçəldilməsi istiqamətində görülən işlər Xocavəndin tezliklə ölkənin ən abad və inkişaf etmiş bölgələrindən birinə çevriləcəyini deməyə əsas verir. Xocavənd sakinləri də digər azad edilmiş bölgələrimiz kimi böyük qayıdışsevərliklə öz torpaqlarına qayıdırlar.
Ağdərə rayonu və Ağdərə şəhəri zəngin təbii sərvətləri, əlverişli coğrafi mövqeyi və iqtisadi potensialı ilə Azərbaycanın şimali Qarabağda mühüm dayaq nöqtələrindən biridir. 20 sentyabr tarixinin Ağdərə şəhərləri günü kimi təsis olunması bu bölgənin dövlət üçün strateji və iqtisadi əhəmiyyətini bir daha ön plana çəkir. Ağdərənin azad olunması ilə Qarabağın iqtisadi dəhlizləri tam şəkildə birləşdi. Bu gün Ağdərə şəhəri günü təkcə bir yaşayış məntəqəsinin bayramı deyil, həm də bölgənin iqtisadi qüdrətinin və sosial rifahının təmin olunması istiqamətində atılan qətiyyətli addımların hesabatıdır. Ağdərə sakinləri də doğma ocaqlarına qayıdaraq bu torpaqlarda sülh və əmin-amanlıq içində yaşayırlar.
Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı



