AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyasının yaranması və dövlətçilik tariximizdə yeri

Bəzi tarixlər var ki, onlar təkcə təqvimdə qeyd olunan günlər deyil, həm də bir xalqın taleyində mühüm iz qoyan hadisələrlə yadda qalır. 21 noyabr 1992-ci il Azərbaycan tarixində məhz belə günlərdən biridir. Həmin gün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və ölkəmizin siyasi həyatında yeni bir mərhələnin əsası qoyuldu.

1990-cı illərin əvvəllərində Azərbaycan çətin bir dövrdən keçirdi. Ölkədə siyasi qeyri-sabitlik hökm sürür, insanlar gələcəklə bağlı ciddi narahatlıq içində idilər. Belə bir şəraitdə Azərbaycanın güclü liderə, xalqı ətrafında birləşdirə biləcək siyasi iradəyə və dövlətçiliyi qorumaq əzminə ehtiyacı var idi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və xalq arasında qazandığı böyük nüfuz məhz həmin dövrdə xüsusi əhəmiyyət daşıyırdı.
Yeni Azərbaycan Partiyasının yaradılması xalqın Heydər Əliyevə olan inamının və onun rəhbərliyi ətrafında birləşmək istəyinin ifadəsi idi. Azərbaycanın müxtəlif bölgələrindən olan insanların yeni siyasi təşkilatın yaradılması təşəbbüsünü dəstəkləməsi cəmiyyətdə dəyişikliklərə və sabitliyə olan ehtiyacın göstəricisi idi. Heydər Əliyev bu təşəbbüsə rəhbərlik etməklə ölkənin gələcəyi naminə mühüm siyasi addım atdı.
Məncə, Heydər Əliyevin böyüklüyünü yalnız onun tutduğu vəzifələrlə və ya siyasi fəaliyyəti ilə ölçmək düzgün olmazdı. Onun əsas xüsusiyyətlərindən biri ən çətin məqamlarda məsuliyyəti öz üzərinə götürməyi bacarması və ölkənin gələcəyini düşünərək qərarlar verməsi idi. Məhz bu keyfiyyətlər onun siyasi irsinin bu gün də öyrənilməsini və gələcək nəsillərə çatdırılmasını vacib edir.
Bu gün Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi həmin tarixi hadisəyə nəzər salarkən bir məsələni xüsusi qeyd etmək istəyirəm: gənclər öz ölkələrinin tarixini bilməli, dövlətçilik ənənələrini dərindən öyrənməli və gələcək qarşısında məsuliyyətlərini dərk etməlidirlər. Heydər Əliyevin siyasi irsi də bu baxımdan gənc nəsil üçün mühüm təcrübə mənbəyidir. Tarixi öyrənmək yalnız keçmişi xatırlamaq deyil, həm də bu gündən nəticə çıxarmaq və sabaha daha hazırlıqlı olmaqdır.
21 noyabr 1992-ci ildə əsası qoyulan Yeni Azərbaycan Partiyası bu gün də cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirir. Heydər Əliyevin adı ilə bağlı olan bu tarix bizə bir daha xatırladır ki, ölkənin gələcəyi üçün atılan addımlar uzaqgörənlik, qətiyyət və məsuliyyət tələb edir.
21 Noyabr-Yeni Azərbaycan Partiyasının təsis günü münasibətilə partiyanın bütün üzvlərini təbrik edir, ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinin gələcək nəsillər tərəfindən öyrənilməsini və yaşadılmasını arzulayıram. İnanıram ki, ölkəmizin inkişafına töhfə vermək istəyən hər bir gənc öz fəaliyyəti, biliyi və məsuliyyətli mövqeyi ilə Azərbaycanın gələcəyində layiqli yer tuta bilər.

Müslüm Əkbərov,
YAP Yasamal Rayon Təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button