AnalitikaGündəmSiyasət

“Yaşıl Enerji” Zonası və Naxçıvanın Saxlanc İnfrastrukturu

Qlobal iqlim çağırışlarına cavab olaraq Prezident İlham Əliyevin irəli sürdüyü “yaşıl enerji” konsepsiyası Naxçıvan Muxtar Respublikasının gələcək iqtisadi inkişafının mərkəzində dayanır. Dövlət başçısı Naxçıvanı da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji zonası” elan edərək bölgənin enerji siyasətində ekoloji standartları ön plana çıxarmışdır. Bu gün muxtar respublikada istehsal olunan elektrik enerjisinin əksər hissəsi bərpaolunan enerji mənbələri hesabına əldə edilir. Prezident İlham Əliyevin bu strateji baxışı ölkənin enerji resurslarını şaxələndirməklə yanaşı, Naxçıvanın qlobal miqyasda nümunəvi bir ekoloji zonaya çevrilməsini təmin edir.

Günəş enerjisi istehsalı sahəsində Naxçıvanın potensialı xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev diqqətə çatdırmışdır ki, aparılan dəqiq təhlillərə əsasən, Azərbaycan ərazisində Günəş elektrik enerjisinin istehsalı üçün ən əlverişli məkan məhz Naxçıvandır. Dövlət başçısının səfəri zamanı tikintisi ilə tanış olduğu 50 meqavat gücündə iki Günəş elektrik stansiyası bu potensialın reallaşdırılması istiqamətində mühüm addımdır. Hədəf isə 600 hektardan çox ərazidə yüzlərlə meqavat gücündə stansiyaların qurulması və istehsal gücünün 500-1000 meqavata çatdırılmasıdır.

Bərpaolunan enerjinin ən böyük texniki çağırışı olan qeyri-sabitliyi həll etmək üçün müasir texnologiyaların tətbiqi zəruridir. Prezident İlham Əliyev Azərbaycanda 250 meqavatlıq iki batareya saxlanc qurğusunun uğurla yaradıldığını nəzərə alaraq, Naxçıvanda da analoji tədbirlərin görülməsini tələb etmişdir. Dövlət başçısının göstərişi ilə burada birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusu inşa ediləcəkdir. Bu strateji addım hasil edilən Günəş və su enerjisinin toplanaraq şəbəkəyə fasiləsiz və sabit şəkildə ötürülməsini təmin edəcəkdir.

Bundan əlavə, su enerjisindən səmərəli istifadə məqsədilə Ordubad rayonunun Tivi kəndində 15 meqavatdan bir qədər çox gücdə su elektrik stansiyasının inşası üçün də dövlət vəsaiti ayrılmışdır. Prezident İlham Əliyevin kompleks şəkildə həyata keçirdiyi bu enerji siyasəti Naxçıvanın həm iqtisadiyyatını sığortalayır, həm də ixrac potensialını artırır. Gələcəkdə Naxçıvanın bu “yaşıl” enerjisinin Türkiyə və İran vasitəsilə Avropa bazarlarına ixrac edilməsi Azərbaycanın enerji qüdrətini daha da artıracaqdır.

Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button