Gündəm

Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

06 may 2024-cü il tarixində Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Aktualinfo.az xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birğə təşkilatçılığı ilə Mərdəkan qəsəbəsi “Abşeron” sanatoriyasının konfrans zalında keçirilən tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev, Jalə Əhmədova, Aydın Hüseynov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, idarə və müəssisələrinin rəhbərləri, RİH başçısı aparatın əməkdaşları və şəhid ailələri iştirak ediblər.

Tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən Xəzər Rayon İcra Hakimiyətinin başçısı Elşən Salahov Ümummilli lider Heydər Əliyevin mənalı həyatı və misilsiz xidmətlərindən söz açaraq, Azərbaycan xalqının tarixində və dövlətçilik fəaliyyətində müstəsna xidmətlərindən danışıb. Eyni zamanda Heydər Əliyevin Xəzər rayonuna göstərdiyi diqqət və qaygısını qeyd edərək, Ulu öndərin şah əsəri – müasir müstəqil Azərbaycan dövləti və azərbaycançılıq məfkurəsi bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirildiyini vurğulayıb.

Ulu öndər Heydər Əliyevin siyasi kursundan söz açan YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov 1969-cu ildən onun Azərbaycana rəhbər seçilməsi, tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olduğunu və ölkəmizin son onilliklər ərzində qazandığı uğurların Ümummilli liderin adı ilə bağlı olduğunu vurğuladı.

Ümummilli liderin keçdiyi həyat yolundan, Azərbaycan dövləti və xalqı üçün göstərdiyi əvəzsiz xidmətlərdən söz açan Milli Məclisin deputatları Rauf Əliyev, Jalə Əhmədova və Aydın Hüseynov Heydər Əliyevin dünya siyasətçiləri arasında malik olduğu nüfuzundan və respublikanın beynəlxalq aləmdə qəbul olunması və tanınması istiqamətində yürütdüyü uğurlu siyasətdən danışıblar.

Tədbirdə həmçinin Milli Aviasiya Akademiyasının dekanı Nazim Nağıyev, Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Vətən müharibəsi qəhramanı şəhid Elçin Mansurovun anası Məleykə Məcidova çıxış ediblər. Çıxış edən natiqlər Heydər Əliyevin müxtəlif sahələrə olan xüsusi diqqət və qayğısından, eyni zamanda gənclərə olan etimadından və gənclərin onlara olan bu etimadı doğrultduqlarını vurğulayıblar və Ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Mövzu əsasında fikirlərini bölüşən qonaqlar istər sovetlər dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edən və ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayaraq, müasir və müstəqil Azərbaycan dövlətinin bu gün də Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyini qeyd ediblər.

Oxşar Xəbərlər

Back to top button