AnalitikaGündəmSiyasət

Diplomatik münasibətlərdə yeni zirvə: Azərbaycan – Böyük Britaniya strateji tərəfdaşlığı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni və daha yüksək mərhələyə keçdiyini göstərir. Otuz ildən artıq dövrdə enerji sektorunda qazanılmış qarşılıqlı etimad və uğurlu tərəfdaşlıq təcrübəsi bu gün siyasi, iqtisadi və təhlükəsizlik sahələrini əhatə edən geniş əməkdaşlıq formatına çevrilib. Bəyannamədə əksini tapan müddəalar ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, qeyri-neft sektoruna investisiyaların cəlbi və innovativ texnologiyaların tətbiqi üçün geniş imkanlar açır. Xüsusilə bərpa olunan enerji mənbələri və yaşıl keçid sahəsində birgə layihələrin icrası qlobal iqlim hədəflərinə çatmaqda iki dövlətin ortaq mövqeyini ortaya qoyur. Sənəddə regional təhlükəsizlik, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinin vurğulanması Azərbaycanın beynəlxalq hüquqa əsaslanan xarici siyasətinə verilən yüksək dəyərin göstəricisidir. Təhsil, elm və mədəni mübadilə istiqamətində nəzərdə tutulan proqramlar gənclərimizin müasir bilik və bacarıqlara yiyələnməsinə, insan kapitalının inkişafına birbaşa töhfə verir. Orta Dəhlizin nəqliyyat-logistika potensialının genişləndirilməsi üzrə əməkdaşlıq isə Avrasiya məkanında iqtisadi inteqrasiyanı sürətləndirən mühüm amildir. Böyük Britaniya kimi qlobal siyasi və maliyyə mərkəzi ilə strateji tərəfdaşlıq statusunun rəsmiləşdirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və balanslaşdırılmış diplomatiyasının növbəti mühüm uğurudur. İmzalanan bu tarixi sənəd uzunmüddətli perspektivdə hər iki xalqın rifahına və regionda dayanıqlı sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir. Biz gənclər də dövlətimizin beynəlxalq arenadakı bu cür uğurlu diplomatik addımlarını cəmiyyətə təbii, aydın və obyektiv dildə çatdırmağa davam edirik

Qədirli Aysu,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button