Xəzər rayonunda Polis işçilərinin peşə bayramı qeyd edilib
Xəzər rayonunda 2 iyul – Azərbaycan polisi günü münasibəti ilə tədbir keçirilib.
Aktualinfo.az xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri və Xəzər Rayon Polis İdarəsinin əməkdaşları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
Xəzər Rayon Polis İdarəsinin inzibati binasında davam edən tədbir Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə giriş sözü ilə çıxış edən Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimov iştirakçıları salamlayaraq şəxsi heyətə peşə bayramı günü münasibəti ilə cənab nazirin təbrikini çatdırıb. Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümünün qeyd edildiyini vurğulayan Ə.İbrahimov Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq inkişaf etdiyini, ictimai təhlükəsizliyin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirib. Bu gün də dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, xalqımızın milli maraq və mənafelərinin, ölkə daxilində ictimai təhlükəsizliyin və əmin-amanlığın, insanların hüquq və azadlığının qorunmasında danılmaz rolu olan polis orqanlarının formalaşmasında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. 44 günlük Vətən Müharibəsinə toxunan E.Salahov Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində Vətən Müharibəsində qazanılmış tarixi zəfərdə polis orqanları və əməkdaşlarının da müstəsna xidmətləri olduğunu qeyd edib. Ölkəmizin davamlı və dayanıqlı inkişafından və Azərbaycan polisinin xidmətlərindən söz açan E.Salahov Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daimi tərəqqisi, daha da qüdrətlənməsi naminə xalqa şərəfli xidmətlərində Azərbaycan Polisinə müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə çıxış edən Xəzər rayon prokuroru Fəxri Ələsgərov, Dövlət Təhlükəsizlik Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Rəşad Cəfərov və digər natiqlər 2 iyul – Azərbaycan polisi günü münasibəti ilə polis əməkdaşlarını təbrik edib və bu günün dövlətimiz üçün əhəmiyyətindən danışaraq Ulu Öndər Heydər Əliyevin polis orqanlarının inkişafındakı əvəzsiz rolunu vurğulayıblar, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilməsindən bəhs ediblər.
Sonda Xəzər Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə “2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə” Xəzər Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimov “Təşəkkürnamə” ilə və Xəzər Rayon Polis İdarəsinin bir qrup polis əməkdaşları isə “Fəxri Fərman”larla təltif olunub və onlara xatirə hədiyyələri təqdim edilib.