Xəzər rayonunda “23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü” qeyd edilib
23 iyun 2023-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib.
Aktualinfo.az xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tədbiri açaraq dövlət qulluqçularını təbrik edib, respublikamızda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlardan, qazanılan uğurlardan danışıb. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərində Ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan E.Salahov bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O bildirib ki, Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu”nun dövlət qulluqçularının səmərəli fəaliyyəti üçün geniş imkanlar açdığını vurğulayan E.Salahov Xəzər rayonunda çalışan dövlət qulluqçularının da sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində dövlət siyasətinin uğurla həyata keçirilməsində səylə çalışdıqlarını diqqətə çatdırıb.
Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək Xəzər Rayon İcra Hakimiyyətinin kollektivini peşə bayramı münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Tədbirdə həmçinin, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, RİH başçısının müavinləri Əfsar Mirzəliyev və Lalə Əhmədova çıxış edərək cənab Prezidentin müvafiq Sərəncamı ilə təsis olunmuş dövlət qulluqçularının peşə bayramı günü ölkə rəhbərinin dövlət qulluqçularına qayğı və diqqətinin, onların şərəfli və çətin əməyinə verdiyi qiymətin yüksək təzahürü olduğunu vurğulayıblar.
Sonda Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı tərəfindən dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar təqdim edilib.