Gündəm

Xəzər rayonunda “15 iyun – Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilib

Xəzər rayonunda “15 iyun-Milli Qurtuluş Günü” münasibəti ilə Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Aktualinfo.az xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətnin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkda keçirilən tədbirdə qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib və Ümummilli Liderə həsr olunmuş əl işləri sərgisinə baxış keçiriblər.

Tədbir Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən Xəzər Rayon İcra Hakimiyətinin başçısı Elşən Salahov qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin tarixi başlanğıcı sayılan Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinə başladığı 15 iyun tarixində müstəqil Azərbaycan dövlətinin və xalqının həyatında tamamilə yeni bir dövrə qədəm qoyuldu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra zəngin dövlətçilik təcrübəsinə və ümummilli maraqlara əsaslanaraq ölkəmizi siyasi böhrandan xilas etdi. Ulu Öndər müstəqilliyimizin məhv olması, ölkəmizin parçalanması, daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısını böyük məharətlə almaqla yanaşı, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar, beynəlxalq əhəmiyyətli sosial-iqtisadi və siyasi layihələr dövlətimizin tərəqqisinin əsasını qoydu.

15 İyun – Milli Qurtuluş Günündən başlayan böyük siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir və bunun nəticəsidir ki, müasir, demokratik, müstəqil Azərbaycan dünya səviyyəsində mühüm strateji mərkəzə, Cənubi Qafqaz regionunun liderinə, transmilli layihələri reallaşdıran və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən qüdrətli dövlətə çevrilib.

44 günlük Vətən Müharibəsinə toxunan E.Salahov bildirib ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi zəfər, ölkəmizin gücünün və qüdrətinin nümayişi, Azərbaycanın dünyada artan nüfuzunun böyük göstəricisidir.

Tədbirdə çıxış edən Namiq Əhmədov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, qeyd edib ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı. Bu tarixi gün, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası günüdür.

Çıxış edən digər natiqlər 15 iyun – Milli Qurtuluş Gününün dövlətimiz üçün əhəmiyyətindən danışaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolunu vurğulayıblar. Ümummilli Liderin siyasi kursundan irəli gələn tarixi işlərin gənclərimiz tərəfindən mənimsənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıblar.

Tədbirin sonunda istedadlı gənclər konsert proqramı ilə iştirakçılar qarşısında çıxış ediblər.

Oxşar Xəbərlər

Back to top button