Analitika

Xalqımızın həmrəyliyinin təməli hər zaman olduğu kimi indi də möhkəm və sarsılmazdır.

Həmrəylik gününün əsası 1989-cu ildə Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin ( o zamankı SSRİ – İran sərhədinin) yerlə-yeksan olunması ilə qoyulub. Çox uzun bir zaman müddətində bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhədkənarı yürüş etməsi və Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Baş verən hadisələr bizim bir xalq olaraq möhkəmliyimizin, sarsılmaz olduğumuzun bütün dünyaya əyani sübutu idi.

İndi isə gəlin bu möhtəşəm günün hüquqi aspektdən nə zaman və hansı formada dəyərləndirilməsinə qısaca nəzər salaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Beləliklə, dünya azərbaycanlılarının həmrəylik gününün hüquqi olaraq qüvvəyə minməsi və qanunvericilikdə öz yerini tapmasında aparıcı rol ümummilli lider Heydər Əliyevə məxsusdur.

“Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.” – Ümummilli Lider Heydər Əliyevin bu sitatından da göründüyü kimi adı çəkilən gün bütün dünya azərbaycanlılarının inamının, ümidinin bariz nümunəsidir.

O zaman prezident olan ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirilib. Belə bir qurultayın yeni eranın və əsrin  ilk ilində keçirilməsi Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi.

2020-ci ilin 27 sentyabr tarixində başlayan ikinci Qarabağ müharibəsi bir daha bizim birliyimizi, möhkəmliyimizi nümayiş etdirdi. Müharibə zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi.

Mais Günəşli,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button