AnalitikaGündəmOrdu

Xalq–Ordu Birliyi Azərbaycanın Güc Mənbəyidir

“Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik… Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.

Ulu Öndər Heydər Əliyevin bu dəyərli fikirləri Azərbaycan dövlətçiliyində ordunun yerini və əhəmiyyətini aydın şəkildə ifadə edir. Hər bir müstəqil dövlətin gücü onun iqtisadi imkanları, siyasi nüfuzu və beynəlxalq əlaqələri ilə yanaşı, həm də qüdrətli ordusunun mövcudluğu ilə ölçülür. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra güclü dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi ordu quruculuğunu müəyyənləşdirmişdir.

Milli ordunun yaradılması Azərbaycan dövlətçiliyinin mühüm sütunlarından biridir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk nizami hərbi hissənin yaradılması milli ordu tariximizin başlanğıcı hesab olunur. Bu tarix sonradan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd edilməyə başlanmışdır. Azərbaycan xalqı hər zaman öz qəhrəmanlıq ənənələri ilə seçilmiş, Vətənin müdafiəsini müqəddəs borc hesab etmişdir.

Müstəqilliyin ilk illərində ölkəmiz mürəkkəb siyasi və hərbi vəziyyətlə üzləşmişdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü fonunda güclü və peşəkar orduya olan ehtiyac daha da artmışdı. Məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa olundu və nizami ordu quruculuğunun möhkəm təməli qoyuldu. Heydər Əliyev ordunu dövlətin dayağı hesab edir, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsini mühüm vəzifə kimi qiymətləndirirdi.

Ulu Öndər dəfələrlə vurğulayırdı ki, güclü ordu yalnız müasir silah və texnika hesabına formalaşmır. Ordunun əsas gücü onun mənəvi ruhunda, şəxsi heyətin vətən sevgisində və xalqın dəstəyindədir. Buna görə də xalqla ordu arasında möhkəm mənəvi bağların qurulması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Azərbaycan xalqı öz ordusunu daim sevmiş, ona arxa-dayaq olmuş, ordumuz da xalqın etimadını doğrultmuşdur.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların dövlətə və milli dəyərlərə bağlı yetişdirilməsi hər bir cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycanın gələcək müdafiəçiləri olan gənclər məktəbdən başlayaraq Vətən sevgisi, dövlətçilik ənənələri və hərbi vətənpərvərlik ruhunda formalaşdırılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərdə məsuliyyət hissini gücləndirir, onları ölkənin müdafiəsinə hər zaman hazır olmağa sövq edir.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dünyanın güclü orduları sırasında yer almaqdadır. Ordumuzun maddi-texniki bazası möhkəmləndirilmiş, döyüş qabiliyyəti yüksəldilmiş, şəxsi heyətin peşəkarlığı artırılmışdır. Azərbaycan Ordusunun əldə etdiyi uğurlar, xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalq-ordu birliyinin ən parlaq nümunəsinə çevrilmişdir.

Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı öz ordusunun yanındadır. Cəbhədə döyüşən əsgərlərimizin arxasında milyonlarla vətəndaş dayanmışdı. Bu birlik, həmrəylik və milli ruh ölkəmizin qələbəsini təmin edən əsas amillərdən biri oldu. Azərbaycan əsgəri öz xalqının sevgisini və dəstəyini hiss edərək böyük qəhrəmanlıqlar göstərdi.

Bu gün də xalq-ordu birliyi dövlətimizin gücünün əsas dayaqlarından biri olaraq qalır. Ordumuzun uğurları hər bir azərbaycanlının qürur mənbəyidir. Şəhidlərimizin əziz xatirəsi, qazilərimizin şücaəti və hərbçilərimizin fədakar xidməti xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Ulu Öndər Heydər Əliyevin xalq-ordu birliyi haqqında söylədiyi fikirlər bu gün də öz aktuallığını qoruyur. Güclü dövlət, qüdrətli ordu və vətənpərvər xalq birliyi Azərbaycanın uğurlu gələcəyinin təminatıdır. Hər bir vətəndaş bu birliyin qorunmasına öz töhfəsini verməli, dövlətçiliyimizin möhkəmlənməsi naminə çalışmalıdır.

Xalqla ordunun birliyi Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin və davamlı inkişafının ən etibarlı təminatıdır. Bu birlik yaşadıqca Azərbaycan dövləti daha da güclənəcək, ordumuz yeni uğurlara imza atacaq və üçrəngli bayrağımız daim yüksəklərdə dalğalanacaqdır.

 Cahan Bayramlı,
YAP Xətai təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button