Vətən müharibəsi Azərbaycan xalqında torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu
“44 günlük Vətən müharibəsi Azərbaycan xalqında torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Xalqımızın bütün təbəqələri həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Müzəffər Ordumuz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı işğaldan azad edilmiş ərazilərdə öz qanları bahasına dalğalandırdı”.
Bunu “Aktualinfo.az”a açıqlamsında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, əslində bu müqəddəs ana doğru biz çoxdan, ta 30 ilin o tayından yol gəlirdik və işğalla heç zaman barışmırdıq. Elə buna görə idi ki, Xocalının, Şuşanın, Xankəndinin, Laçının, Kəlbəcərin, Zəngilanın, Füzulinin, Cəbrayılın, Ağdamın, bütünlükdə Qarabağımızın işğal günlərini inadla yaddaşımıza həkk etmədik, o qara rəqəmlərlə təqvimlərə həkk olunmuş tarixləri tezliklə qırmızıya, zəfər gününə çevirəcəyimizə inandıq. Heç zaman “Qarabağ Azərbaycandır!” haqq nidasından ayrılmadıq, müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsərək atacağımıza adımız kimi əmin olduq. Sülh yolu ilə mümkün olmasa, Qarabağımızın işğaldan azad edilməsinə, vətənimizin bütövlüyü uğrunda son damla qanımıza qədər vuruşaraq qalib gələcəyimizə and içdik. And içdik ki, üçrəngli Azərbaycan bayrağını Qarabağın ən hündür zirvələrində dalğalandıracağıq. Bu belə də oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində haqq savaşımız qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Azərbaycan Ordusu vətən uğrunda başladığı ölüm-dirim savaşında ardıcıl zəfərlərə imza atdı.
“Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Ordumuzun göstərdiyi şücaət vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şəhidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. Azərbaycanın igid övladları dünya var olduqca sevgi və sayğı ilə xatırlanacaq, onların şücaətləri qədirbilən xalqımız tərəfindən daim qiymətləndiriləcək, yüksək dəyərləndiriləcək. 44 günlük Zəfər mübarizəmizin igidlərinin hər biri düşmənlə savaşda göstərdiyi rəşadətin, torpaq sevgisinin şərəf mükafatını aldı. Bu torpaq uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs haqq mübarizəsi qiymətləndirildi. O oğulların, o Vətən sevdalıların, o Vətən fədailərinin ən ali mükafatı, ən uca qiyməti xalqımızın ürəyində fəth etdikləri sevgi, qürur zirvəsidir”.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində dəmir yumruq kimi birliyimiz dünyaya səs saldı. Mübaliğəsiz deyə bilərik ki, müzəffər Ordumuzun əfsanəvi qəhrəmanlığı və modern döyüş bacarığını nümayiş etdirməsi dünyada heyrətlə qarşılandı. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlar idi. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Gənclər bükülmüş belimizi dikəltdilər, mənfur düşmənin saxta mifini heç etdilər. Belə vətənpərvər və qəhrəman gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaq. Vətənpərvər gənclərimiz mənfur düşməndən azad etdikləri müqəddəs torpaqların bərpa edilməsində və çiçəklənməsində də, müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcəklər.