AnalitikaGündəmSiyasət

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir

27 Sentyabr – Anım Günü xalqımızın qəhrəmanlıq salnaməsinin, milli birliyimizin və Vətənə sonsuz məhəbbətimizin təcəssümüdür. Bu əlamətdar gün Azərbaycan xalqının azadlıq, suverenlik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin, şəhidlərimizin müqəddəs amalının və qazilərimizin fədakarlığının ehtiramla yad edildiyi gündür.

Hər bir xalqın tarixində onun gələcək nəsillərinin yaddaşında əbədi yaşayacaq, milli kimliyini və mənəvi dəyərlərini müəyyənləşdirən mühüm hadisələr vardır. Azərbaycan xalqının müasir tarixində 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi məhz belə tarixi hadisələrdən biridir. Həmin gün Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda əks-hücum əməliyyatlarına başladı.
Vətən müharibəsi Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun gerçəkləşməsi, xalqımızın sarsılmaz iradəsinin, milli həmrəyliyinin və dövlətimizin gücünün nümayişi oldu. 44 gün davam edən müharibə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı, xalqımızın qəhrəmanlıq ruhunu, dövlətə və Vətənə sədaqətini bütün dünyaya nümayiş etdirdi.
27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də qürur günü kimi xüsusi yer tutur. Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 27-si “Anım Günü” kimi qeyd edilir. Bu qərar Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinə dövlət və xalq səviyyəsində göstərilən dərin ehtiramın ifadəsidir.
Vətən müharibəsində Azərbaycan əsgəri və zabiti misilsiz qəhrəmanlıq, yüksək döyüş ruhu və Vətənə sədaqət nümayiş etdirdi. Onlar doğma torpaqlarımızın hər qarışı uğrunda mübarizə apararaq, xalqımızın milli qürurunu və tarixi ədalətin bərpasına olan inamını gerçəkləşdirdilər. Döyüş meydanında göstərilən şücaət, arxa cəbhədə nümayiş etdirilən fədakarlıq və xalqımızın vahid amal ətrafında birləşməsi Zəfərimizin əsas mənəvi dayaqlarından oldu.
Azərbaycan xalqı heç zaman şəhidlərini unutmur. Onların hər birinin həyatı, Vətənə bağlılığı və göstərdiyi qəhrəmanlıq gənc nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin həyata keçirdiyi mühüm istiqamətlərdəndir. Şəhid ailələrinə hörmət və ehtiram göstərmək, onların yanında olmaq hər birimizin mənəvi borcudur.
Vətən müharibəsində sağlamlığını itirən qazilərimiz də xalqımızın qürur mənbəyidir. Onların döyüş meydanında göstərdikləri cəsarət və fədakarlıq Azərbaycanın qəhrəmanlıq tarixinin ayrılmaz hissəsidir. Qazilərimizə diqqət və qayğı göstərilməsi, onların cəmiyyətə inteqrasiyası, məşğulluğunun təmin edilməsi və sosial rifahının yüksəldilməsi ümumxalq məsuliyyətidir. Onların həyat yolu gələcək nəsillərə Vətən sevgisinin, iradənin və əzmkarlığın əsl nümunəsini təqdim edir.
Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı öz dövlətinin və milli maraqlarının müdafiəsi naminə vahid amal ətrafında birləşməyi bacaran xalqdır. Xalqımızın birliyi, ordumuzun qüdrəti və dövlətimizin qətiyyətli siyasəti Azərbaycanın tarixi Zəfərinin əldə olunmasında mühüm rol oynadı.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan insanların həyatının yenidən qurulması Vətən müharibəsində əldə olunmuş tarixi nailiyyətlərin davamıdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma tədbirləri şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, onların uğrunda mübarizə apardıqları torpaqlarda həyatın bərpasının təzahürüdür.
Anım Günü hər birimizi tariximizə, milli-mənəvi dəyərlərimizə və dövlətçiliyimizə daha dərindən bağlanmağa çağırır. Şəhidlərimizin bizə əmanət etdiyi Vətəni qorumaq, dövlətimizin inkişafına töhfə vermək, gənc nəsildə milli ruhu və vətənpərvərlik hisslərini gücləndirmək hər bir Azərbaycan vətəndaşının qarşısında duran mühüm vəzifələrdəndir.
Xüsusilə gənclərimiz Vətən müharibəsinin tarixini, şəhidlərimizin həyat yolunu və qazilərimizin qəhrəmanlığını dərindən öyrənməli, bu müqəddəs irsi gələcək nəsillərə çatdırmalıdırlar. Çünki tarixini bilən, şəhidlərinin qəhrəmanlığını unutmayan və dövlətinə bağlı olan xalqın milli birliyi və gələcəyə inamı daim möhkəm olar.
27 Sentyabr – Anım Günü xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu gün biz bir daha şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onların ailələrinə dərin ehtiramımızı bildirir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Şəhidlərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlərimiz və qazilərimiz isə daim qürur mənbəyimizdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini
(Qərbi Azərbaycan İcmasının Şəki şəhər nümayəndəsi)

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button