AnalitikaGündəmSiyasət

27 Sentyabr vətən sevgisinin təcəssüm etdiyi tarixi gündür

Azərbaycan xalqının tarixində elə günlər var ki, onların mahiyyəti yalnız bir tarix və ya hadisə ilə məhdudlaşmır, milli yaddaşın ayrılmaz hissəsinə çevrilir. 27 Sentyabr – Anım Günü də belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizinəziz xatirəsinə dərin ehtiramın, onların müqəddəs ruhu qarşısında sonsuz minnətdarlığın ifadəsidir. Eyni zamanda, 27 Sentyabr xalqımızın milli iradəsinin, sarsılmaz həmrəyliyinin və Vətən sevgisinin təcəssüm etdiyi Vətən müharibəsinin başlanğıc günü kimi tariximizə həkk olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə sentyabrın 27-si Anım Günü elan olundu. Sərəncamda bu qərarın ölkənin ərazi bütövlüyü uğrunda canını fəda etmiş hərbçilərimizə və bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğu vurğulanır. Bu tarix həm Vətən müharibəsinin, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda ondan əvvəl aparılmış mübarizənin şəhidlərini bir daha ehtiramla yad etmək üçün ümumxalq günüdür.

    Anım Günü tarixə təkcə bir döyüşün başlandığı gün kimi deyil, həm də döyüşə gedən insanların xatirəsinə ehtiram günü kimi daxil olub. Bu gün ailəsinə dönməyən əsgəri, övladını itirən valideyni, atasının xatirəsi ilə böyüyən uşağı yada salırıq. Şəhidlərimizinhər birinin adı, ailəsi və yarımçıq qalmış arzuları var. Onların fədakarlığını müharibənin nəticələri ilə belə ifadə etmək mümkün deyil. Şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında yaşayır. Onların adlarının məktəblərdə və küçələrdə yaşadılması, həyat hekayələrinin gələcək nəsillərə çatdırılması bu yaddaşın bir hissəsidir. Uşaqlar azad edilmiş Şuşaya, Füzuliyə və başqa yurdlarımıza səfər edərkən həmin torpaqların hansı fədakarlıq hesabına geri qaytarıldığını da bilməlidirlər. Çünki Vətən müharibəsinin tarixini öyrənmək hərbi əməliyyatları xronoloji ardıcıllıqla bilməklə kifayətlənmir, o günlərdə göstərilən cəsarəti və həmrəyliyi anlamaqdır.Bu baxımdan Anım Günü gənc nəsil üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki tarix yalnız kitablarda oxunan hadisələr toplusu deyil. Tarix həm də xalqın yaşadığı ağrı, qazandığı uğur və gələcək nəsillərə ötürdüyü yaddaşdır. Gənclər şəhidlərimizin həyat yolu ilə tanış olduqca Vətənin, azadlığın, dövlətçiliyin və milli birliyin qiymətini daha dərindən anlayırlar.

    Bizə Zəfər yaşadan, Vətən uğrunda canından keçən şəhid qardaşlarımızın müqəddəs xatirəsini sonsuz sayğı ilə yad edir, qəhrəman qazilərimizə dərin minnətdarlığımızı ifadə edirik. Anım günü kimi tariximizə yazılan 27 sentyabr Vətən Günü kimi də yaddaşımızda yer aldı, milli birliyimizin, dövlət qüdrətimizin və sarsılmaz iradəmizin rəmzinə çevrildi.Bu əlamətdar tarix xalqımız tərəfindən iftixar və qürur günü kimi minilliklər boyu qeyd olunacaq.


Süpay Məmmədov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button