AnalitikaGündəmSiyasət

Ümummilli lider Heydər Əliyevin dilimizə olan böyük sevgisi

Ulu öndər Heydər Əliyevin milli dil quru­culuğu sahəsində gördüyü işlər həm miqyası, həm də məzmunu etibarilə müqayisəsizdir.

“Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik.” Bu müdrik sözlər Azərbaycan xalqının Ümummilli lideri, dahi rəhbərimiz Heydər Əliyevə məxsusdur. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni möv­qeyinin yüksəlməsinə nail olunub.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan Ulu Öndər mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu.   1995-ci ildə referendumla qəbul olunmuş Konstitusiyanın 27-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi.  Ana dilinin böyük təəssübkeşi olan Heydər Əliyev onun inkişafı və qorunması istiqamətində bir-birinin ardınca fərmanlar imzaladı, qanunlar qəbul etdi.

Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Bu baxımdan  2001-ci il  iyunun 18-də ümummilli lider Heydər Əliyev  “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. 2001-ci il avqustun 9-da ulu öndər Heydər Əliyev   “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” əhəmiyyətli bir sənəd imzaladı. Bu sənəd dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, eyni zamanda, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçidi sürətləndirdi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən latın qrafikası ilə aparılmağa başladı. Sərəncama əsasən 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, məhz bu Qanunla Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu nizamlanır. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

2003-cü il   yanvarın 2-də ümummilli lider  Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanunda Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu isə Azərbaycan dilinin yüksəlişi, tərəqqisi yolunda daha bir yenilik idi.

Ulu Öndərin Azərbaycan dilinin inkişafına, qorunub saxlanmasına verdiyi xüsusi dəyər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi dövlət xadimi, müdrik Prezidenti olub. Bu gün biz dahi xilaskarımız, Ulu öndər Heydər Əliyevdən doğma xalqa, Vətənə, Azərbaycana yorulmadan xidmət etməyi, milli-mənəvi dəyərlərimizin keşiyində dayanmağı, müqəddəs sərvətimiz olan Azərbaycan dilini sevməyi, bu dildə danışmaqdan qürur duymağı öyrənməliyik. Biz Heydər Əliyevdən əsl Azərbaycançılığı, vətənçiliyi, milliliklə dünyəviliyin ahəngdar vəhdətini, bir sözlə, Heydər Əliyevçiliyi öyrənməliyik.

Ramilə Seyidova,
YAP Siyəzən rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button