
Ulu Öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu Fərmanın imzalanması Azərbaycanın dil tarixində mühüm hadisədir. Ümumiyyətlə, ana dili hər bir xalqın mənliyinin əsasını təşkil edir. Bu haqda Ulu Öndər Heydər Əliyevin bir çox fikirləri vardır. Xalqımız kimi ana dilimiz də tarixin müxtəlif mərhələlərində müəyyən sınaqlarla üzləşmiş, lakin zamanın sınaqlarından qalib çıxmağı bacarmışdır. Azərbaycan dili zəngin imkanlara malikdir, çünki mənsub olduğu xalq zəngin mədəniyyətə, zəngin tarixə sahibdir. Ulu Öndər Heydər Əliyev bu haqda demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.” Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin milli dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Ulu Öndərin bu sahədə həyata keçirdiyi siyasət dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edirdi.
30 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik nümayiş etdirən Prezident cənab İlham Əliyev tərəfindən də bu istiqamətdə bir sıra Fərman və Sərəncamlar imzalanmışdır. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.
Bundan əlavə, Prezident cənab İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı