
9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli yaddaşında, dövlətçilik tarixində və ictimai həyatında xüsusi yeri olan əlamətdar tarixlərdəndir. Bu gün yalnız dövlət atributlarımızdan birinə ehtiram göstərdiyimiz gün deyil, həm də azadlıq və müstəqillik uğrunda mübarizə aparmış xalqımızın tarixi iradəsini, milli kimliyini, dövlətçilik ənənələrini və gələcəyə hesablanmış arzularını bir daha xatırladığımız gündür. Üçrəngli bayrağımız xalqımızın keçdiyi keşməkeşli tarixi yolun, müstəqillik əzminin, milli birliyinin və suveren dövlət qurmaq iradəsinin rəmzidir. Onun hər dalğalanışında Azərbaycanın tarixi, bu günü və sabahı, hər rəngində isə milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizə və bəşəri ideallara bağlılığımızın ifadəsi vardır.
Dövlət bayrağı hər bir xalqın özünəməxsusluğunu dünyaya tanıdan, onun milli varlığını və siyasi müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzdir. Bayraq dövlətin sərhədlərini aşaraq beynəlxalq aləmdə onun adını, nüfuzunu və iradəsini təmsil edir. Azərbaycan bayrağı isə bizim üçün bütün bunlarla yanaşı, həm də azadlıq mücadiləmizin, tarixi yaddaşımızın və milli qürurumuzun daşıyıcısıdır. Bu bayrağa baxarkən yalnız üç rəngi deyil, əsrlərdən süzülüb gələn dövlətçilik təfəkkürünü, xalqımızın mübarizə ruhunu, Vətən torpağına bağlılığını və müstəqil yaşamaq əzmini görürük.
Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin” fikirləri üçrəngli bayrağımızın mahiyyətini və milli həyatımızdakı əvəzsiz yerini dolğun şəkildə ifadə edir. Bu müdrik yanaşma dövlət rəmzlərinə münasibətin yalnız mərasim və protokol çərçivəsində məhdudlaşmadığını, onun hər bir vətəndaşın mənəvi dünyasının, vətənpərvərlik düşüncəsinin və dövlətə bağlılığının ayrılmaz hissəsi olmalı olduğunu göstərir. Çünki bayrağa hörmət, əslində, Vətənə, onun tarixinə, suverenliyinə və gələcəyinə hörmətdir.
Azərbaycanın üçrəngli bayrağının tarixi 1918-ci il noyabrın 9-dan – Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən dövlət bayrağı kimi qəbul edildiyi gündən başlayır. Bu qərar xalqımızın milli özünüdərkinin, azadlıq düşüncəsinin və müstəqil dövlət qurmaq iradəsinin tarixi təcəssümü idi. Mavi rəng türkçülük ideyasını, qırmızı rəng müasirlik və inkişafı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğu ifadə edərək milli kimliyimizin əsas ideoloji istiqamətlərini özündə birləşdirirdi. Beləliklə, üçrəngli bayraq Azərbaycanın tarixi köklərini, mənəvi dəyərlərini və müasir dünyaya inteqrasiya istəyini vahid rəmzdə əks etdirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlətçilik atributu kimi istifadədən çıxarılsa da, onun xalqımızın yaddaşından silinməsi mümkün olmadı. Bayraq müstəqillik arzusunun, milli azadlıq düşüncəsinin və gələcəyə olan inamın rəmzi kimi yaşamaqda davam etdi. Tarixin müxtəlif mərhələlərində milli dövlətçilik ideyalarına sədaqətini qoruyan xalqımız bu müqəddəs rəmzi yenidən yüksəltmək əzmini heç vaxt itirmədi. Məhz belə bir tarixi şəraitdə Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və qətiyyətli mövqeyi xüsusi əhəmiyyət qazandı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə qəbul edilən qərarlar Azərbaycanın müasir dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri oldu. Həmin sessiyada 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli milli bayrağımız ilk dəfə rəsmi şəkildə qaldırıldı. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması və üçrəngli bayrağın muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilməsi ilə bağlı tarixi qərarlar verildi.
Bu hadisənin əhəmiyyətini yalnız bir dövlət atributunun yenidən istifadəyə qaytarılması ilə məhdudlaşdırmaq düzgün olmazdı. Çünki həmin qərar əslində milli dövlətçilik düşüncəsinin bərpası, sovet ideoloji sisteminin hökm sürdüyü bir dövrdə müstəqillik ideyasının siyasi müstəviyə daşınması demək idi. Ümummilli Lider Heydər Əliyev həmin addımı ilə xalqımızın milli iradəsinin və azadlıq istəyinin qarşısında heç bir maneənin dayana bilməyəcəyini nümayiş etdirdi. Üçrəngli bayrağın Naxçıvan Ali Sovetinin sessiya salonunda qaldırılması gələcək müstəqilliyimizin ideoloji və siyasi əsaslarının formalaşmasında mühüm mərhələ kimi tarixə düşdü.
Mən hesab edirəm ki, bu tarixi hadisənin ən mühüm tərəflərindən biri də ondan ibarətdir ki, Heydər Əliyev milli dövlətçilik rəmzlərimizi qorumaqla yanaşı, xalqın öz tarixinə, milli kimliyinə və gələcəyinə inamını da möhkəmləndirdi. Onun dövlətçilik fəlsəfəsində milli atributlara münasibət, azərbaycançılıq ideologiyası, milli həmrəylik və dövlət müstəqilliyinin qorunması vahid konsepsiyanın əsas istiqamətləri idi. Bu baxımdan, üçrəngli bayrağımızın yenidən yüksəldilməsi təkcə tarixi keçmişə ehtiram deyil, həm də gələcək müstəqil Azərbaycanın ideallarına verilən siyasi və mənəvi dəstək idi.
Müstəqilliyimizin bərpasından sonra üçrəngli bayrağımızın dövlət rəmzi kimi təsdiq edilməsi milli dövlətçilik ənənələrinin davamlılığını təmin etdi. Azərbaycan öz suverenliyini möhkəmləndirdikcə, dövlət atributlarımız da beynəlxalq aləmdə müstəqil dövlətimizin tanınmasının və təmsil olunmasının əsas göstəricilərinə çevrildi. Bu gün bayrağımız dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır. Hər bir belə məkan Azərbaycan dövlətinin müstəqil iradəsini, beynəlxalq hüququn subyekti kimi mövqeyini və dünya birliyində layiqli yerini nümayiş etdirir.
Dövlət bayrağına ehtiram, eyni zamanda, hər bir vətəndaşın daşıdığı məsuliyyətin göstəricisidir. Bayrağımızın ucalığını qorumaq yalnız dövlət qurumlarının deyil, cəmiyyətin bütün üzvlərinin mənəvi borcudur. Onun ifadə etdiyi dəyərləri yaşatmaq, milli tariximizi gələcək nəsillərə çatdırmaq, gənclərdə dövlətçilik düşüncəsini və vətənpərvərlik ruhunu gücləndirmək hər birimizin üzərinə düşən mühüm vəzifələrdəndir. Çünki dövlətin gücü yalnız iqtisadi və siyasi imkanlarla deyil, həm də vətəndaşlarının milli birliyi, dövlətinə sədaqəti və ortaq dəyərlərə bağlılığı ilə ölçülür.
Bu mənada, azərbaycançılıq məfkurəsinin cəmiyyətimizdə möhkəmlənməsi xüsusi əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və dövlət siyasətinin mühüm ideoloji istiqamətinə çevirdiyi azərbaycançılıq ideologiyası müxtəlif dünyagörüşlərinə, sosial və mədəni fərqliliklərə malik insanları vahid Vətən və ümummilli maraqlar ətrafında birləşdirən mənəvi təməldir. Üçrəngli bayrağımız da məhz bu birliyin ən aydın və təsirli ifadəsidir. O, harada yaşamasından, hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, hər bir azərbaycanlını vahid milli kimlik ətrafında birləşdirir. Bayrağımızın altında birləşmək isə ortaq tariximizə, milli dəyərlərimizə və müstəqil dövlətimizin gələcəyinə sahib çıxmaq deməkdir.
Bu gün üçrəngli bayrağımızın tarixində yeni və qürurverici səhifələr yazılıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ildə ölkəmizin bütün ərazilərində suverenliyimizin tam bərpa olunması milli dövlətçilik tariximizin ən mühüm hadisələrindəndir. Uzun illər xalqımızın qəlbində yaşatdığı torpaq həsrətinin sona çatması, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi üçrəngli bayrağımızın daşıdığı mənəvi məzmunu daha da zənginləşdirdi.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda dalğalanan Azərbaycan bayrağı xalqımızın tarixi ədalətə, milli birliyə və suverenliyə sadiqliyinin təcəssümüdür. Qarabağda və Şərqi Zəngəzurda ucaldılan hər bir bayraq xalqımızın qayıdışının, dövlətimizin gücünün və müstəqilliyimizin dönməzliyinin rəmzidir. Xüsusilə vaxtilə işğal altında olmuş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması təkcə siyasi hadisə deyil, həm də milyonlarla insanın illərlə qəlbində yaşatdığı arzunun gerçəkləşməsidir. Bu mənzərə hər bir azərbaycanlı üçün qürur, sevinc və milli həmrəylik hisslərinin ən parlaq ifadəsidir.
Ümummilli Lider Heydər Əliyevin “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir” fikirləri bu gün yeni tarixi reallıqlar fonunda xüsusi məna kəsb edir. Artıq bu sözlər yalnız müstəqilliyimizin gələcəyinə ünvanlanan inamlı çağırış deyil, həm də dövlətimizin əldə etdiyi tarixi nailiyyətlərin, suverenliyimizin və milli birliyimizin ifadəsidir.
Mənim qənaətimcə, Dövlət Bayrağı Gününün əsas mahiyyəti yalnız bayrağımızın tarixini xatırlamaqla bitmir. Bu gün hər birimizə müstəqilliyin necə böyük tarixi dəyər olduğunu, dövlətçiliyin hansı fədakarlıqlar hesabına qorunub saxlandığını və milli rəmzlərimizə sahib çıxmağın nə qədər mühüm məsuliyyət daşıdığını bir daha xatırladır. Bayrağımızın ucalığı həm də bizim üzərimizə düşən vəzifələrin ucalığıdır. Onu daim yüksəklərdə saxlamaq üçün dövlətimizin inkişafına töhfə verməli, milli həmrəyliyimizi qorumalı, gənc nəslə vətənpərvərlik ruhunu aşılamalı və müstəqilliyimizin möhkəmlənməsi naminə hər birimiz öz üzərimizə düşən işi layiqincə yerinə yetirməliyik.
Bu gün üçrəngli bayrağımız Azərbaycanın hər bir uğurunda, beynəlxalq nüfuzunda, milli birliyində və suverenliyində öz əksini tapır. O, bizim üçün sadəcə dövlət atributu deyil, kimliyimizin, mənəvi dünyamızın və milli varlığımızın ayrılmaz parçasıdır. Bayrağımızın hər dalğalanışı keçmişimizə ehtiram, bu günümüzə inam və gələcəyimizə məsuliyyət deməkdir.
Əminəm ki, xalqımız bundan sonra da üçrəngli bayrağımızın ətrafında sıx birləşərək müstəqil dövlətimizin inkişafına, milli maraqlarımızın qorunmasına və dövlətçilik ənənələrimizin yaşadılmasına öz töhfəsini verəcəkdir. Çünki bu bayraq bizim tariximizdən gələn, bu günümüzü birləşdirən və gələcəyimizə istiqamət verən müqəddəs milli dəyərdir.
9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə hər bir azərbaycanlını ürəkdən təbrik edir, müstəqil Azərbaycanımızın üçrəngli bayrağının daim uca zirvələrdə, bütün dünyada qürurla dalğalanmasını arzulayıram. Bayrağımız daim uca, dövlətimiz müstəqil, xalqımız bir və həmrəy olsun!
Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı



