AnalitikaGündəm

Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi tarixi bir hadisədir

“Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi tarixi bir hadisədir. Bu azad olunmuş ərazilərdə keçiriləcək ilk beynəlxalq səviyyəli sammitdir. Şuşaya və işğaldan azad edilən digər bölgələrə müxtəlif ölkələrin liderləri ayrı-ayrılıqda belə səfərlər ediblər. Lakin bu mühüm regional, iqtisadi, siyasi məsələlərin müzakirə ediləcəyi sammit ölkə tarixində özünəməxsus yer tutur. Zirvə görüşü hər şeydən öncə azad olunmuş ərazilərdə qısa müddətdə təhlükəsiz həyatın təmin edildiyinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi deməkdir və perspektivdə bu ərazilərə həm siyasi, həm iqtisadi dividendlər vəd edir. Yəni bu tədbirin Azərbaycanın və bütün türk dünyasının ən mühüm simvolik mərkəzlərindən biri olan Şuşada keçirilməsi həm bütün dünyaya bir mesaj, həm güc nümayişi, həm də həmrəylik əlamətidir”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Şuşa sammiti, həmçinin Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün apardığı mübarizədə vahid qardaşlıq dəstəyinin mesajı, dövlətimizin türk dövlətləri arasında əməkdaşlıq mərkəzinin avanqardı olduğunu nümayiş etdirdi. Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev məntiqli və dərin məzmunlu nitqində TDT-nin əhəmiyyətini vurğulayaraq onun əhatə etdiyi coğrafiyanın miqyasını, üzv ölkələrin iqtisadi və hərbi potensialını, təbii resurslarını və müasir infrastrukturunu qeyd etdi. Bu, bir daha təsdiqləyir ki, bütün sahələr üzrə böyük potensiala sahib olan Türk dövlətləri birlikdə, həmrəylik göstərərək və vahid mövqedən çıxış edərək dünya siyasətinin mühüm tərəflərindən birinə çevrilir.

“Azərbaycan Prezidenti TDT-nin cari büdcəsinin və strukturunun hədəflərin reallaşdırılması üçün yetərli olmadığı səbəbindən Azərbaycanın Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü səsləndirdi. Hər bir məsələdə olduğu kimi, ölkəmiz burada da məsuliyyətli davranaraq təşkilatın səmərəli fəaliyyəti, effektli nəticələrin əldə olunması üçün səylə çalışır, təşkilatın güclənməsinə hərtərəfli dəstək olur”. – deyən Rəşadət Xalıqov deyib ki, Şuşa Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirilir.

Onun sözlərinə görə, çıxışlarda bir daha bu çağırış səsləndirildi ki, ən böyük gücümüz türk dünyasının birliyi, bərabərliyi və həmrəyliyidir. Azərbaycanın mövqeyi belədir ki, Türk Dövlətləri Təşkilatının rolu təkcə günün tələblərinə cavab verməklə məhdudlaşmamalı, həm də gələcək potensial əməkdaşlıq və tərəfdaşlıqları əhatə edəcək şəkildə genişləndirilməlidir. Üzv ölkələr arasında həmrəyliyin və qarşılıqlı etimadın daha da gücləndirilməsi türk dünyasının birlik və bərabərlik içində daha parlaq gələcəyə doğru irəliləməsinə şərait yaradacaq.

Oxşar Xəbərlər

Back to top button