GündəmSosial

“Təhsil” ərazi partiya təşkilatında iclas keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 23 oktyabr 2026-cı il tarixində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin akt zalında YAP Şəki rayon təşkilatının “Təhsil” ərazi partiya təşkilatının (ƏPT) iclası keçirilib.

İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və idarənin rəhbərliyi, əməkdaşlar, ƏPT-nın qeydiyyatında olan partiya üzvləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov, İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov, Maliyyə-iqtisadiyyat sektorunun baş məsləhətçisi, “Təhsil” ƏPT-nın sədri Pərviz Məmmədov, Qurultay nümayəndəsi, Şəki Ağsaqqallar Şurasının sədr müavini, “Dəyirmanarxı” ƏPT-nın sədri Elxan Abdullayev çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas istiqamətləri, təhsil sahəsində aparılan islahatlar, təhsil müəssisələrinə göstərilən dövlət qayğısı və Şəki təhsilinin əldə etdiyi nailiyyətlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkənin davamlı inkişafında təhsilin xüsusi rolu vardır və bu sahədə əldə olunan uğurlar dövlətin gələcəyə yönəlmiş strateji inkişaf prioritetlərinin mühüm tərkib hissəsidir.
Bildirilib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər və müəyyənləşdirilən prioritetlər partiya üzvlərinin qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələrin uğurla həyata keçirilməsi üçün ideoloji işin gücləndirilməsi, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması, milli maraqların qorunması, dövlətə və dövlətçiliyə sədaqət prinsiplərinin təşviqi xüsusi əhəmiyyət daşıyır.
Çıxış edənlər təhsil işçilərinin YAP-ın fəaliyyətinə verdiyi dəstəyin, cəmiyyətin maarifləndirilməsində və gənc nəslin milli-mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna uyğun tərbiyəsində rolunun vacibliyini vurğulayıblar. Eyni zamanda, partiya üzvləri arasında siyasi maarifləndirmə işinin davamlı aparılması, təbliğat fəaliyyətinin daha da gücləndirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin məqsəd və nəticələrinin geniş ictimaiyyətə çatdırılması istiqamətində görüləcək işlər müzakirə olunub.
İclasda vurğulanıb ki, təhsil işçiləri yalnız bilik və bacarıqların formalaşdırılması deyil, həm də gənc nəslin dövlətçilik ənənələrinə, milli dəyərlərə və vətənə sədaqət ruhunda yetişdirilməsi baxımından mühüm məsuliyyət daşıyırlar. Bu məsuliyyətin layiqincə yerinə yetirilməsi ölkəmizin gələcək inkişafına, milli birliyin və ictimai həmrəyliyin möhkəmləndirilməsinə töhfə verir.
Sonda YAP Şəki rayon təşkilatının “Təhsil” ərazi partiya təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi, partiya üzvlərinin fəallığının artırılması, ideoloji və maarifləndirici tədbirlərin davam etdirilməsi, eləcə də VIII Qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsində təhsil işçilərinin fəal iştirakının təmin olunmasının vacibliyi qeyd edilib.

Oxşar Xəbərlər

Back to top button