GündəmSosial

“Biləcik” ərazi partiya təşkilatında iclas keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 22 oktyabr 2026-cı il tarixində Birinci Biləcik kənd tam orta məktəbin akt zalında YAP Şəki rayon təşkilatının “Biləcik” ərazi partiya təşkilatının (ƏPT) iclası keçirilib.
İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının rəhbərliyi və əməkdaşları, İƏD üzrə nümayəndəliyin, bələdiyyənin və məktəblərin rəhbərliyi, müəllimlər və təşkilatının qeydiyyatında olan üzvlər iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyəti Başçısının İkinci Biləcik kənd İƏD üzrə nümayəndəsi Tarıyel Məmmədov, Birinci Biləcik kənd tam orta məktəbin direktoru Elnarə Mustafayeva, direktor müavini, “Biləcik” ƏPT-nın sədri, Qurultay nümayəndəsi Ramiz Bədiyev, kənd ağsaqqalı, partiya veteranı Ehtibar Aslanov, Baqqal kənd ümumi orta ümumtəhsil məktəbin direktoru Şəfqət Abdurahmanova, İkinci Biləcik kənd tam orta ümumtəhsil məktəbinin direktoru İlahə Ağaməmmədova çıxış ediblər.
Çıxışlarda YAP-ın VIII Qurultayının əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində qarşıya qoyulan vəzifələrdən, ölkəmizin davamlı inkişafının təmin olunmasında partiyanın rolundan və qarşıdakı dövrdə həyata keçirilməli olan prioritet istiqamətlərdən bəhs olunub. Bildirilib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, milli maraqların qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Qeyd olunub ki, partiya üzvlərinin üzərinə düşən əsas vəzifələrdən biri dövlət siyasətinin mahiyyətinin və əhəmiyyətinin ictimaiyyətə çatdırılması, əhali ilə mütəmadi təmasların qurulması, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, eləcə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verilməsidir. Bu baxımdan ərazi partiya təşkilatlarının fəaliyyəti, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığı və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi xüsusi əhəmiyyət daşıyır.
İclasda vurğulanıb ki, YAP-ın VIII Qurultayında səsləndirilən fikir və müddəalar partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hər bir partiya üzvü üzərinə düşən məsuliyyəti dərindən dərk etməli, ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, sosial-iqtisadi inkişaf proseslərinə və dövlətçilik ideyalarının təbliğinə öz töhfəsini verməlidir.
Sonda VIII Qurultaydan irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, partiya fəaliyyətinin daha da gücləndirilməsi və ərazi partiya təşkilatının qarşısında duran prioritet məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

Back to top button