
“İqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi tanınan Şuşa bu gün yenidən dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirdi. Belə ki, iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynadı”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, bu gün 2-ci Şuşa Qlobal Media Forumunu regionda və Azərbaycanda baş verən hadisələri dəqiqliklə, əsaslı şəkildə beynəlxalq ictimaiyyətə təqdim edir. Prezident İlham Əliyevin bu Forumdakı çıxışında əsas çağırışlarından biri bu oldu ki, regionda və Azərbaycanda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Eyni zamanada, Forum media sahədə də qurulan körpülərin daha da möhkəmləndirilməsinin bir çağırış olduğunu nümayiş etdirdi. Bu, istər regionda, istər dünyada, istərsə də ayrı-ayrı ölkələrdə baş verən hadisələr barədə daha dolğun məlumatların əldə edilməsinə, obyektiv, qərəzssiz işıqlandırılmasına öz müsbət təsirini göstərəcək. Üç saatdan artıq davam edən müzakirələrdə dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, ən vacib məsələ məlumatın həqiqətə söykənməsidir. Bu, birtərəfli, qərəzli olmamalıdır:
“Dünyada baş verən qlobal hadisələr fonunda informasiya axınını düzgün tənzimləmək, cəmiyyətə daha dəqiq, fakta əsaslanan məlumatlar ötürmək sahəsində media sektorunun üzərinə mühüm vəzifələr, böyük məsuliyyət düşür. Bu baxımdan əllidən artıq ölkənin nümayəndəsinin bir araya gəldiyi “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu müasir dövrdə bütün ölkələrin əziyyət çəkdiyi dezinformasiya ilə mübarizə, media sahəsində məlumatlandırma, COP29, iqlim dəyişikliyi ilə bağlı məsələlərin müzakirəsi ilə yadda qaldı. Ənənə halını alan forumda dövlət başçısı Prezident cənab İlham Əliyevin təkcə media deyil, regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş çıxışı mühüm mesajlarla zəngin idi”.
Onun sözlərinə görə, Forumda bu ilin noyabrında Bakı şəhərində baş tutacaq COP29 tədbiri və bunun fonunda iqlim dəyişikliyi ilə bağlı suallara da aydınlıq gətirildi. Neft və qazla zəngin ölkə kimi Qərb mediasında daim ittihamlara məruz qalan ölkəmiz bu gün də bu ittihamlarla üzləşir. Ancaq vaxt keçdikcə, Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar bizə qarşı olan hücumların sayını azaldır. Bu qlobal əhəmiyyətli konfrans ilk dəfə postsovet məkanında keçiriləcək. Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qurmağı bacaranAzərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə əldə edib. Ümumilikdə deyə bilərik ki, Şuşa Qlobal Media Forumu dünya mediası üçün mühüm platforma rolunu oynayır və bu Azərbaycanın növbəti uğuru oldu.