
8 Noyabr – Şuşa şəhəri günü Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyətə malik olan, milli qürur və Zəfər ruhunu özündə birləşdirən əlamətdar gündür. Bu tarix Şuşanın işğaldan azad olunmasını, xalqımızın tarixi ədalətin bərpası uğrunda mübarizəsini və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini təcəssüm etdirir.
Şuşa əsrlər boyu Azərbaycanın zəngin mədəniyyətinin, milli musiqisinin, ədəbiyyatının və incəsənətinin inkişafında mühüm rol oynamışdır. Şəhər görkəmli şəxsiyyətləri, tarixi abidələri, qədim memarlıq nümunələri və özünəməxsus mədəni mühiti ilə Azərbaycanın milli sərvəti hesab olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Bu qərar Şuşanın tarixi-mədəni əhəmiyyətinin dövlət səviyyəsində təsdiqi olmaqla, şəhərin qorunması, bərpası və gələcək inkişafı istiqamətində mühüm mərhələnin başlanğıcı olmuşdur.
2021-ci il mayın 31-də qəbul edilən və iyunun 22-də Prezident tərəfindən təsdiq olunan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu şəhərin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Qanun Şuşanın tarixi simasının qorunmasına, mədəni irsinin gələcək nəsillərə çatdırılmasına və şəhərin davamlı inkişafına xidmət edir.
Qanuna əsasən, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılmışdır. Dövlət siyasətinin əsas istiqamətləri şəhərin yenidən qurulması, tarix və mədəniyyət abidələrinin qorunması, müasir idarəetmə sistemlərinin tətbiqi, turizm potensialının inkişafı, sahibkarlığın təşviqi və beynəlxalq mədəni əlaqələrin genişləndirilməsindən ibarətdir.
Qanunda Şuşanın tarixi-mədəni irsinin mühafizəsinə xüsusi diqqət yetirilir. Şəhərdə yerləşən abidələrin bərpası, öyrənilməsi və məqsədyönlü istifadəsi, onların toxunulmazlığının təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Eyni zamanda, şəhərin memarlıq üslubunun qorunması, tikinti və abadlıq işlərinin Baş plana uyğun həyata keçirilməsi Şuşanın tarixi simasının gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
2026-cı ildə Qanuna edilmiş dəyişikliklər də Şuşanın mədəni irsinin qorunması istiqamətində hüquqi mexanizmlərin təkmilləşdirilməsinə xidmət edir. Tarix və mədəniyyət abidələrinin korlanması, məhv edilməsi və onların mühafizəsini təhlükə altına alan işlərin müvafiq razılıq olmadan aparılması qadağan edilmişdir. Bu, Şuşanın milli və ümumbəşəri mədəni sərvət kimi qorunmasının hüquqi təminatlarını daha da gücləndirir.
Bu gün Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin əvvəlki şöhrətinin qaytarılmasına, müasir infrastrukturun yaradılmasına və doğma sakinlərin öz yurdlarına qayıdışına xidmət edir. Şuşanın yenidən qurulması Azərbaycanın gücünü, iradəsini və gələcəyə inamını nümayiş etdirir.
8 Noyabr – Şuşa şəhəri günü münasibətilə hər bir Azərbaycan vətəndaşı üçün bu müqəddəs şəhərin tarixi əhəmiyyətini, milli-mədəni irsimizin qorunmasının vacibliyini bir daha dərk etmək mühüm vəzifədir. Şuşanın inkişafı, onun tarixi simasının qorunması və mədəniyyətimizin dünyada tanıdılması ümummilli məsuliyyətimizin ayrılmaz hissəsidir.
Amil İsrayılov,
YAP Şirvan şəhər təşkilatı məsləhətçisi



