
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar yalnız təqvimdə əlamətdar tarix kimi deyil, milli qürurun, yenilməz iradənin və tarixi ədalətin təntənəsi kimi yaddaşlara həkk olunur. 8 Noyabr – Zəfər Günü də məhz belə möhtəşəm tarixlərdəndir. Bu gün Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbəni, Şuşa şəhərinin işğaldan azad edilməsini və dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi böyük uğuru özündə təcəssüm etdirir. Şuşa Azərbaycanın milli-mənəvi varlığının, mədəniyyətinin, incəsənətinin və tarixi yaddaşının ayrılmaz hissəsidir. Qarabağın tacı adlandırılan bu şəhər əsrlər boyu Azərbaycan musiqisinin, poeziyasının, memarlığının və ədəbi mühitinin inkişafına misilsiz töhfələr verib. 1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi xalqımızın yaddaşında ağır faciə kimi qaldı. Şəhərin işğalı nəticəsində tarixi-mədəni abidələrimiz dağıdıldı, milli sərvətlərimiz talan edildi, yüzlərlə ailə öz doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Lakin bütün bu illər ərzində Azərbaycan xalqı Şuşaya qayıdacağına, tarixi ədalətin bərpa olunacağına inamını itirmədi. Bu inamı gerçəkliyə çevirən isə Azərbaycan dövlətinin qətiyyətli siyasəti, güclü ordusu və xalqımızın sarsılmaz birliyi oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi uğrunda əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən müharibə xalqımızın birliyini, ordumuzun gücünü, əsgər və zabitlərimizin peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsinin ən mühüm və həlledici hadisələrindən biri Şuşa şəhərinin azad edilməsi idi. Müasir hərb tarixində xüsusi yer tutan bu əməliyyat Azərbaycan əsgərinin fiziki gücü ilə yanaşı, mənəvi hazırlığının və Vətən sevgisinin də təntənəsi idi. 2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək Şuşanın işğaldan azad olunduğunu elan etdi. Dövlət başçısının «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!» sözləri xalqımızın yaddaşına əbədi həkk olundu. Bu tarixi müraciət 28 illik həsrətin sona çatmasının, milli qürurun və tarixi ədalətin bərpasının müjdəsi idi.
Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynadı. Bu qələbədən sonra Ermənistanın siyasi və hərbi rəhbərliyi məğlubiyyətini qəbul etməyə məcbur oldu. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Şuşa Azərbaycan mədəniyyətinin, musiqisinin, ədəbiyyatının və incəsənətinin beşiyi hesab olunur. Şuşa tarixən böyük şəxsiyyətlərin yetişdiyi, milli musiqi ənənələrinin formalaşdığı, poeziya və sənətkarlığın inkişaf etdiyi bir mədəniyyət mərkəzi olub. Dahi bəstəkar Üzeyir Hacıbəyli, görkəmli xanəndə Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Seyid Şuşinski, Bülbül, böyük şairlər Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab və bir çox digər görkəmli şəxsiyyətlər Şuşanın Azərbaycan mədəniyyətinə bəxş etdiyi zəngin irsin nümayəndələridir. Şuşanın musiqi ənənələri xalqımızın mənəvi dünyasında xüsusi yer tutur. Muğam sənətimizin inkişafında bu şəhərin müstəsna rolu olub. Məhz Şuşada yetişən sənətkarlar Azərbaycan musiqisini ölkə hüdudlarından kənara çıxararaq dünya miqyasında tanıdıblar. Cıdır düzü, İsa bulağı, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Vaqifin məqbərəsi və digər tarixi məkanlar Şuşanın zəngin mədəni irsinin ayrılmaz hissəsidir. İşğal dövründə şəhərin tarixi-mədəni irsinə ciddi ziyan vurulsa da, Azərbaycan dövləti Şuşanın əvvəlki şöhrətinin qaytarılmasını qarşıya mühüm vəzifə kimi qoydu. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. 2022-ci ilin ölkəmizdə «Şuşa İli» elan olunması isə bu qədim şəhərin milli-mədəni həyatımızdakı əhəmiyyətini bir daha ön plana çıxardı.
2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, noyabrın 8-i Şuşa Şəhəri Günü kimi də qeyd olunur8 Noyabr – Şuşa Şəhəri Günü və Zəfər Günü xalqımızın yaddaşında daim yaşayacaq. Bu tarix Azərbaycan dövlətinin gücünü, ordumuzun qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirən möhtəşəm hadisədir. Şuşanın azad edilməsi sübut etdi ki, heç bir qüvvə Azərbaycan xalqının milli birliyini, Vətən sevgisini və azadlıq əzmini sarsıda bilməz.
Bu qələbə, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun tarixi nəticəsidir. Güclü iqtisadiyyatın formalaşdırılması, müasir ordunun qurulması, beynəlxalq münasibətlərdə milli maraqların qətiyyətlə müdafiə edilməsi və xalq-iqtidar birliyinin möhkəmləndirilməsi Azərbaycanın Zəfərinə aparan əsas amillər oldu.
Azər Ağayev,
YAP Tərtər rayon təşkilatının sədr müavini



