Sülh və qlobal təhlükəsizlik naminə dialoq
Artıq Bakı tez-tez beynəlxalq arenada vacib məsələlərin müzakirə edildiyi bir məkana çevrilib. 2024-cü il mayın 1-də Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.
Dünyada mədəni müxtəlifliyin və anlaşmanın artırılması, sülhün və əməkdaşlığın təşviqi istiqamətində səylərin mühüm nümunəsi olan, 110 ölkənin iştirak etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın paytaxtı Bakıda möhtəşəm açılış mərasimi ilə başlayıb. Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev mədəni diplomatiya və beynəlxalq əməkdaşlığa xüsusi önəm verərək, bütün dünyada sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə vermək niyyətini açıq şəkildə bildirdi.
Açılış mərasimi müxtəlif ölkələrin mədəniyyət, incəsənət və düşüncə liderlərini bir araya gətirərək, fərqli perspektivləri bölüşmək və anlaşmanı artırmaq imkanı verdi. Bu mühüm tədbir qlobal problemlərin həlli yollarını tapmaq və mədəni qarşılıqlı əlaqəni təşviq etmək əzminin təzahürü idi.
Forumun açılış mərasimində Prezident İlham Əliyevin nitqi böyük diqqətlə dinlənilib. İlham Əliyev mədəni müxtəlifliyin və tolerantlığın əhəmiyyətini vurğulayaraq, bu dəyərlərin beynəlxalq münasibətlərdə daha çox yer alması lazım olduğunu bildirib. O, həmçinin mədəni diplomatiya və dialoq vasitəsilə qarşılıqlı anlaşmanın artırılmasının və ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Forumda həmçinin Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçilməsinin önəmindən bəhs olunub. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür. Vurğulandı ki, COP29-un əsas amalı həmrəylik və qarşılıqlı etimada əsaslanır. Bu kontekstdə ölkələrin qlobal təhdidlərə qarşı birgə addımlar atması daha məqbuldur.
Cənab Prezident bildirib ki, Azərbaycan tarix boyu müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirinin şahidi olmuş ölkədir. O, bu qarşılıqlı əlaqənin Azərbaycanın zəngin və çoxşaxəli mədəni irsinin əsasını təşkil etdiyini vurğulayıb. O, həmçinin ölkəsinin zəngin irsi ilə fəxr etdiyini və mədəni müxtəlifliyin qorunması və təşviq edilməli olduğunu bildirib.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi qlobal sülh və sabitlik səylərində mühüm addım oldu. Bu cür tədbirlər mədəni diplomatiyanın və əməkdaşlığın gücləndirilməsi, müxtəlif mədəniyyətlər arasında anlaşmanın artmasına və bütün dünyada daha güclü birliyin yaradılmasına töhfə vermək üçün önəmli rol oynayır.
Tağıyev Rövşən,
Xəzər rayonu, 123 nömrəli orta məktəbin müəllimi