
Müasir dövrdə dövlətlərin təhlükəsizliyinin təmin olunması, milli maraqlarının qorunması və müdafiə potensialının gücləndirilməsi üçün hərbi sahəyə ayrılan vəsait xüsusi əhəmiyyət daşıyır. Dünyada baş verən geosiyasi proseslər, regional münaqişələr və təhlükəsizlik çağırışları göstərir ki, güclü və müasir ordu yalnız yüksək peşəkarlıqla deyil, həm də davamlı maliyyə təminatı ilə formalaşır. Bu baxımdan Azərbaycan Respublikasında Silahlı Qüvvələrin büdcəsinin ildən-ilə artırılması dövlətin milli təhlükəsizlik strategiyasının mühüm tərkib hissəsidir.
Son illər ölkədə həyata keçirilən məqsədyönlü müdafiə siyasəti nəticəsində hərbi sahəyə ayrılan vəsait əhəmiyyətli dərəcədə artmışdır. Müdafiə xərclərinin yüksəldilməsi Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir silah və hərbi texnikanın alınmasına, hərbi infrastrukturun yenilənməsinə və şəxsi heyətin sosial təminatının yaxşılaşdırılmasına geniş imkanlar yaratmışdır.
Silahlı Qüvvələrin büdcəsinin artırılması ilk növbədə ordunun döyüş hazırlığının yüksəldilməsinə xidmət edir. Müasir müharibələrdə texnoloji üstünlük həlledici amillərdən biri hesab olunur. Buna görə də Azərbaycan Ordusunun ən yeni hərbi texnologiyalar, pilotsuz uçuş aparatları, müasir raket sistemləri, hava hücumundan müdafiə vasitələri və digər qabaqcıl hərbi avadanlıqlarla təchiz edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ayrılan maliyyə vəsaiti bu sahədə mühüm layihələrin həyata keçirilməsinə imkan yaradır.
Müdafiə büdcəsinin artımı yalnız silahlanmaya deyil, həm də insan kapitalının inkişafına yönəldilir. Hərbi təhsil müəssisələrinin maddi bazasının gücləndirilməsi, hərbçilərin peşə hazırlığının artırılması, beynəlxalq təlimlərdə iştirak imkanlarının genişləndirilməsi və müasir idarəetmə sistemlərinin tətbiqi ordunun peşəkarlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verir.
Eyni zamanda, hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması da müdafiə xərclərinin vacib istiqamətlərindən biridir. Hərbçilərin əməkhaqlarının artırılması, mənzil təminatının yaxşılaşdırılması və sosial müdafiə tədbirlərinin genişləndirilməsi Silahlı Qüvvələrdə xidmətin nüfuzunu yüksəldir, peşəkar kadr potensialının formalaşmasına müsbət təsir göstərir.
Azərbaycanın müdafiə sahəsinə yatırdığı investisiyalar öz nəticəsini praktikada da göstərmişdir. 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər və sonrakı dövrdə həyata keçirilən uğurlu hərbi əməliyyatlar bir daha sübut etdi ki, güclü maliyyə təminatı əsasında qurulan müasir ordu dövlətin qarşısında duran strateji vəzifələri uğurla yerinə yetirməyə qadirdir.
Bu gün Silahlı Qüvvələrin büdcəsinin davamlı şəkildə artırılması Azərbaycanın müdafiə potensialının daha da gücləndirilməsinə, hərbi təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasına və ölkənin regional güc mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı Azərbaycan Ordusunun gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Silahlı Qüvvələrə ayrılan vəsaitlərin artması təkcə hərbi gücün yüksəldilməsi deyil, həm də dövlət müstəqilliyinin, milli maraqların və ölkənin təhlükəsiz gələcəyinin etibarlı təminatı kimi qiymətləndirilməlidir. Güclü iqtisadiyyatın güclü ordu ilə vəhdəti Azərbaycanın davamlı inkişafının və təhlükəsizliyinin əsas amillərindən biridir.
Pərvanə Əliyeva,
YAP Xətai rayon təşkilatnın fəalı ,264 saylı məktəbin müəllimi



