
“1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik”.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu fikirləri müasir Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunu və əldə etdiyi möhtəşəm nailiyyətləri dolğun şəkildə ifadə edir. Bu gün Azərbaycan Ordusu yalnız ölkəmizin təhlükəsizliyini təmin edən hərbi qüvvə deyil, həm də xalqımızın qürur mənbəyi, dövlətimizin gücünün və müstəqilliyinin rəmzidir.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən milli ordunun yaradılması haqqında qərarın qəbul edilməsi dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri olmuşdur. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti gələcək dövlətçiliyimizin əsaslarını formalaşdırmağa nail olmuşdur. Milli ordunun yaradılması həmin dövrdə müstəqilliyin qorunması və dövlətin təhlükəsizliyinin təmin olunması baxımından mühüm addım idi.
Müstəqilliyini yenidən bərpa edən Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri güclü ordu qurmaq idi. Lakin ölkədə hökm sürən mürəkkəb siyasi vəziyyət, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü bu prosesi ləngidirdi. Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində sistemli islahatlara başlanıldı. Nizami hərbi hissələrin formalaşdırılması, vahid komandanlıq sisteminin yaradılması və peşəkar zabit korpusunun təşkili Azərbaycan Ordusunun inkişafında yeni mərhələnin əsasını qoydu.
Sonrakı illərdə Azərbaycan Ordusunun modernləşdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi potensialın gücləndirilməsi, müdafiə sənayesinin inkişafı, ən müasir silah və texnikanın alınması istiqamətində mühüm addımlar atıldı. Ordunun maddi-texniki bazası möhkəmləndirildi, hərbçilərin sosial müdafiəsi gücləndirildi, döyüş hazırlığı beynəlxalq standartlara uyğunlaşdırıldı.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən biri hesab olunur. Müasir texnologiyalarla təchiz olunmuş Silahlı Qüvvələrimiz istənilən vəzifəni yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir. Ordumuzun gücü yalnız silah arsenalı ilə deyil, şəxsi heyətin vətənpərvərliyi, peşəkarlığı və yüksək döyüş ruhu ilə ölçülür.
Azərbaycan Ordusunun qüdrəti 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi. Bu Zəfər ordumuzun peşəkarlığının, xalqımızın birliyinin və dövlətimizin gücünün parlaq göstəricisinə çevrildi.
Vətən müharibəsi göstərdi ki, uzun illər ərzində həyata keçirilən ordu quruculuğu siyasəti öz bəhrəsini vermişdir. Azərbaycan əsgəri döyüş meydanında qəhrəmanlıq nümunələri göstərərək dünyanın aparıcı hərbi ekspertlərinin diqqətini cəlb etdi. Müasir hərbi taktika, yüksək hazırlıq və güclü texniki imkanlar qələbənin əsas amillərindən oldu.
Bu gün Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Azad edilmiş ərazilərdə yaradılan hərbi infrastrukturlar, keçirilən genişmiqyaslı təlimlər və tətbiq olunan yeni texnologiyalar Silahlı Qüvvələrimizin imkanlarını daha da artırır. Dövlətimizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər gələcəkdə də davam etdirilir.
26 İyun – Silahlı Qüvvələr Günü hər bir azərbaycanlı üçün qürur günüdür. Bu əlamətdar tarix milli ordumuzun şərəfli yoluna nəzər salmaq, şəhidlərimizin xatirəsini ehtiramla yad etmək və qəhrəman hərbçilərimizin xidmətlərini yüksək qiymətləndirmək üçün mühüm fürsətdir.
Əminliklə demək olar ki, əsası 1918-ci ildə qoyulan Azərbaycan Ordusu bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Xalqın sevgisi, dövlətin qayğısı və hərbçilərimizin fədakarlığı sayəsində Azərbaycan Ordusu bundan sonra da ölkəmizin təhlükəsizliyinin və müstəqilliyinin etibarlı təminatçısı olacaqdır.
Yaşasın qüdrətli Azərbaycan Ordusu! Yaşasın qalib Azərbaycan!
Nəbi Sadıqov,
YAP Xətai rayon təşkilatının fəalı



