Qubadlıda yeni həyatın təməli qoyulur

Qubadlı şəhərinin işğaldan azad olunması ilə rayonun tarixində yeni mərhələ başlanıb. İllərlə doğma torpaqlarından ayrı düşmüş sakinlərin qayıdışı, dağıdılmış yaşayış məntəqələrinin bərpası və iqtisadi həyatın canlandırılması dövlət siyasətinin əsas istiqamətlərinə çevrilib. Bu gün Qubadlıda aparılan işlər azadlığın konkret inkişaf nəticələrinə çevrildiyini göstərir.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasını Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm hissəsi kimi müəyyənləşdirib. Bu yanaşma yalnız tikinti işlərini deyil, eyni zamanda insanların sosial rifahının yüksəldilməsini, yeni iş yerlərinin açılmasını və dayanıqlı iqtisadi mühitin formalaşdırılmasını əhatə edir.
Qubadlıda yaşayış məhəllələrinin, fərdi evlərin və inzibati binaların inşası sakinlərin qayıdışı üçün zəruri şərait yaradır. Yeni məktəb binasının tikintisi təhsilin bərpasına, yol layihələri isə yaşayış məntəqələri arasında əlaqələrin yaxşılaşdırılmasına xidmət edir. Enerji infrastrukturunun qurulması bütün bu proseslərin davamlılığını təmin edən mühüm amildir.
Rayonun kəndlərində aparılan bərpa işləri də xüsusi əhəmiyyət daşıyır. Xınalıq, Mahruzlu və Zilanlı kəndləri üzrə nəzərdə tutulan yaşayış layihələri insanların doğma kəndlərində məskunlaşması üçün imkanlar yaradır. Kənd təsərrüfatının inkişafı və yerli məşğulluğun artırılması bu yaşayış məntəqələrinin gələcək iqtisadi həyatını canlandıra bilər.
Qubadlıda yeni həyatın qurulması Azərbaycan xalqının qələbədən sonra nümayiş etdirdiyi quruculuq əzminin göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr rayonun müasir yaşayış məkanına çevrilməsinə yönəlib. Bu proses Böyük Qayıdışın uğurla reallaşdırılması və doğma torpaqlarda davamlı həyatın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini



